Logo
    main-post-cover

    Yeni Microsoft hesabları üçün şifrə vasitəsilə giriş aradan qaldırılıb

    Proqram Təminatı
    02.05.2025
    Emil
         Microsoft artıq uzun müddətdir ki, istifadəçiləri hesablarını qorumaq üçün adi şifrələrdən imtina etməyə təşviq edir. Bu istiqamətdə növbəti addım isə Microsoft-da yeni hesab qeydiyyatı zamanı şifrələrdən istifadəni tamamilə dayandırmaq olub. İndi istifadəçilərə hesablarını qorumaq üçün yalnız daha təhlükəsiz üsullar - giriş açarları (passkey), push-bildirişləri və ya təhlükəsizlik açarları təklif ediləcək. Şifrələrdən imtina ilə bağlı bu yeni təşəbbüs Microsoft-un sistemə giriş pəncərəsini də yenidən optimallaşdırması ilə müşayiət olunur.
         İstifadəçilərin avtorizasiyası zamanı addımların ardıcıllığı dəyişdirilib ki, giriş açarı istifadə olunduqda proses daha sadə olsun. Mövcud Microsoft hesablarında şifrələr hələlik qalacaq, lakin yeni hesablar üçün proqram təminatı nəhəngi bu funksiyanı tamamilə aradan qaldırıb və artıq şifrə yaratmaq seçimini təqdim etmir. “İstifadəçi interfeysini sadələşdirmək çərçivəsində biz yeni istifadəçi hesablarının parametrlərini dəyişirik. Artıq Microsoft-un yeni istifadəçi hesabları standart olaraq şifrəsiz olacaq.
         Yeni istifadəçilərə şifrə daxil etmədən hesaba giriş üçün bir neçə seçim təklif olunacaq və onlara heç vaxt şifrə yazmaq lazım olmayacaq. Mövcud istifadəçilər isə hesab ayarlarına daxil olaraq şifrələrini silə bilərlər” - deyə Microsoft-un açıqlamasında bildirilir. Bu dəyişikliklərlə Microsoft əslində “Beynəlxalq Şifrə Gününü” “Beynəlxalq Giriş Açarı Günü”nə çevirir və bu yeniliyin tətbiqini gələcəkdə də davam etdirəcəyini vəd edir. Şirkətin məlumatına görə, hər il təxminən 1 milyon giriş açarı qeydiyyatdan keçirilir və onlarla uğurlu avtorizasiya göstəricisi 98%-dir. Halbuki adi şifrələrlə bu göstərici cəmi 32%-dir.
    Mənbə: The Verge
    Paylaş