main-post-cover

    Google Magi adlı layihə çərçivəsində Google Search-ə süni zəka funksiyalarını əlavə edəcək

    Proqram Təminatı
    Servislər
    18.04.2023
    Emil Nəcəfov
        Google şirkəti yaxın zamanda öz axtarış sistemi ilə bağlı olan layihələrinin nəticələrini təqdim etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, dünən xəbər ortaya çıxmışdı ki, Samsung öz smartfonlarında Google Search-dən imtina edərək onu Microsoft Bing ilə əvəzləməyi nəzərdən keçirir. The New York Times-ın verdiyi məlumata əsasən Google əməkdaşları bu xəbərdən şoka düşüblər və bu səbəbdən də şirkət vəziyyəti dəyişmək üçün aktiv işlərə başlayıb. Süni zəka əsaslı çat-botu əldə etdikdən sonra Bing axtarış sistemi istifadəçilərin maraqlarını özünə tərəf çəkməyi bacardı. Bəzi məlumatlara əsasən Samsung şirkətinin öz smartfonlarında Google Search əvəzinə Bing-ə keçid etməyi düşündüyü xəbərindən sonra Google şirkətinin daxilində əsl həyəcan siqnalı çalınıb.
        Bu heç də təəccüblü deyil. Belə ki, Google Search-ün Samsung smartfonlarında standart axtarış sistemi kimi qalması sayəsində Google hər il 3 milyard dollar qazanc əldə edir. Nəticədə Bing-in süni zəka əsaslı alətləri Google şirkətinin axtarış biznesinə son 25 il ərzində ən böyük təhlükəni sərgiləyən faktordur. Məlumata əsasən bu səbəbdən də Google süni zəka əsaslı fərdi məhsullarını aktiv şəkildə hazırlamağa başlayıb. Yaxın zamanda şirkət Google Search-ün imkanlarını süni zəka əsaslı funksiyalar ilə genişləndirməyi hədəfləyib. The New York Times bildirib ki, şirkətin süni zəka əsaslı yeni funksiyaları Magi adlı layihə çərçivəsində hazırlanır. Google bu layihə barəsində ətraflı məlumatları yaxın zamanda təqdim etməlidir.
        ChatGPT, Bing Chat, Bard Ernie kimi texnologiyalar axtarış servislərinin funksionallıqlarını və formatlarını tamamilə dəyişə bilər. ChatGPT-nin keçən ilin sonunda istifadəyə verilməsindən sonra bir çox şirkət bu sahədə fərdi məhsullarını hazırlamağa başladı. Google şirkətinin isə bu sahədə lider mövqelərdə qalmaq istəməsi öz növbəsində süni zəkanın smartfonlarda və digər mobil cihazlarda tətbiqi prinsipini tamamilə dəyişə bilər. Samsung-un öz cihazlarında Google Search-ü Microsoft Bing ilə əvəz edəcəyi halda bu, Google şirkətinin reklam biznesinə ciddi təsir göstərə bilər.
        Samsung-un öz cihazlarında Google Search-ü Bing ilə əvəzləmək istəməsinin arxasında yenilənmiş Bing-in istifadəyə verilməsinin dayanıb-dayanmadığı tam məlum deyil. Məlumata əsasən Android əməliyyat sisteminin ən böyük istehlakçısının Google ilə əməkdaşlığını dayandırması ehtimalı Google əməkdaşlarını şoka salıb. Məlumatda qeyd edilib ki, şirkətin Magi adlı layihəsi çərçivəsində Google Search-ə süni zəka əsaslı funksiyalar əlavə ediləcək. İlk növbədə şirkət süni zəka əsaslı funksiyaları maksimum 1 milyon istifadəçi üçün istifadəyə verməyi planlaşdırır. İlin sonuna kimi isə bu göstərici 30 milyon istifadəçi ola bilər. Söhbət, təkcə ABŞ-dan gedir.
    Linki kopyala