ABŞ federal əməkdaşlarına iş telefonlarında TikTok-a yenidən icazə verildi
Sosial Media
20.07.2026
ABŞ Ədliyyə Nazirliyi federal dövlət qurumlarında çalışan əməkdaşların xidməti telefonlarına yenidən TikTok tətbiqini yükləyə biləcəyini açıqlayıb. Reuters-in məlumatına görə, bu qərar TikTok-un ABŞ əməliyyatlarının yeni ortaq müəssisəyə ötürülməsindən sonra qəbul edilib. Xatırladaq ki, 2022-ci ildə qəbul edilən qanuna əsasən, federal əməkdaşlara təhlükəsizlik səbəbləri ilə TikTok-u hökumətə məxsus cihazlarda istifadə etmək qadağan edilmişdi. Lakin Ədliyyə Nazirliyi hesab edir ki, tətbiqin ABŞ-dəki fəaliyyət modelinin dəyişməsi ilə həmin qanun artıq əvvəlki formada tətbiq olunmur.
Yeni razılaşmaya əsasən, TikTok-un ABŞ əməliyyatları Oracle, Silver Lake və MGX tərəfindən dəstəklənən birgə müəssisəyə verilib. Oracle bu strukturda təhlükəsizlik tərəfdaşı kimi çıxış edəcək, əvvəlki sahibi ByteDance isə şirkətdə 19,9 % payını saxlayacaq. Reuters-in əldə etdiyi daxili memoranduma görə, Donald Trump İcra Hakimiyyətinə daxil olan federal qurumların əməkdaşlarına TikTok-u xidməti cihazlarına yükləməyə icazə verib. Bununla belə, son qərar hər bir dövlət qurumunun daxili qaydaları və informasiya təhlükəsizliyi siyasətindən asılı olacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...