ABŞ sosial media qaydalarına görə Avropalı rəsmilərə səyahət qadağası qoydu
Sosial Media
24.12.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ hökuməti Avropanın sosial media qaydaları ilə bağlı fəaliyyət göstərən beş texnologiya araşdırmacısına və ictimai fiquruna qarşı səyahət qadağası tətbiq edib. Qadağa ABŞ-yə girişin tamamilə qadağan olunmasını nəzərdə tutur. Qərar Trump administrasiyası tərəfindən verilib.
ABŞ Dövlət katibi Marco Rubio bildirib ki, Avropadakı bəzi ideoloji qruplar uzun müddətdir Amerika platformalarına təzyiq göstərərək bəyənmədikləri fikirlərin cəzalandırılmasına çalışırlar. Onun sözlərinə görə, ABŞ artıq bu cür “ekstraterritorial senzura cəhdlərinə” dözməyəcək. Qadağa tətbiq olunan şəxslərdən biri Avropa İttifaqının keçmiş rəqəmsal siyasət komissarı Thierry Bretondur. O, Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (DSA)-nın əsas müəlliflərindən biri hesab olunur. ABŞ Dövlət Departamentinin nümayəndəsi Sara Rocersin sözlərinə görə, Breton Elon Musk-a qarşı DSA çərçivəsində qanunsuz məzmun və dezinformasiya ilə bağlı istintaq təhdidləri səsləndirib.
Sanksiyaya məruz qalan digər şəxs ABŞ-də fəaliyyət göstərən Center for Countering Digital Hate təşkilatının rəhbəri Imran Ahmeddir. O, ABŞ-də peyvənd əleyhdarlarının platformalardan uzaqlaşdırılmasını açıq şəkildə dəstəkləyib. Bu qrupun üzvlərindən biri hazırda ABŞ-nin Səhiyyə naziri olan Robert F. Kennedy Jr.dir. Bundan əlavə, Böyük Britaniyada yerləşən Global Disinformation Index təşkilatının təmsilçisi Clare Melford və Almaniyanın HateAid təşkilatından Anna-Lena von Hodenberg və Josephine Ballon da ABŞ-yə giriş qadağası ilə üzləşib. HateAid təşkilatı Avropa İttifaqı üçün DSA çərçivəsində onlayn nifrət nitqini monitorinq edir.
The New York Times yazır ki, bu qərar Trump administrasiyasının iri texnologiya şirkətləri ilə yaxın münasibətini açıq şəkildə göstərir. Həmin şirkətlər DSA qaydalarının zəiflədilməsindən və ya ləğvindən birbaşa fayda əldə edə bilər.
Paylaş
Bənzər xəbərlər