Azərbaycan internet xidmətlərinin effektivliyinə görə dünya üzrə 5-ci olub
Sosial Media
16.05.2026
Farid
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəhbərliyi ilə fəaliyyət göstərən “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib. Toplantıda dövlət qurumları və özəl sektor nümayəndələri iştirak ediblər.
Technote.az xəbər verir ki, Dünya Bankının “Business Ready (B-READY) 2025” hesabatında Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 31,05 xalla 5-ci yerdə qərarlaşıb. Ölkə ümumi kommunal xidmətlər indikatoru üzrə isə 83,05 xalla 25-ci mövqedə yer alıb.
İclas zamanı “Kommunal xidmətlər (internet)” indikatoru üzrə həyata keçirilən tədbirlərlə bağlı hesabat təqdim olunub. Hesabatda 2025-ci il Yol Xəritəsi çərçivəsində görülən işlər əks olunub.
Toplantıda həmçinin təsdiqlənmiş 2026-cı ilin Yol Xəritəsi üzrə I rübdə görülmüş işlər müzakirə edilib. Qarşıdakı dövr üçün əsas vəzifələr müəyyənləşdirilib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib ki, biznes mühitinin yaxşılaşdırılması və beynəlxalq reytinqlərdə mövqenin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycanın əldə etdiyi nəticələrin region ölkələrini qabaqladığı vurğulanıb.
Paylaş