Bluesky 2026 planlarını açıqladı: daha interaktiv və canlı sosial şəbəkə
Sosial Media
28.01.2026
Ilhama
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Bluesky sosial şəbəkəsi 2026-cı il üçün açıqladığı inkişaf yol xəritəsində platformanı daha “canlı” və real vaxtlı etmək üzərində çalışdığını bildirib. Şirkətin məhsul rəhbəri Aleks Benzer-in sözlərinə görə, məqsəd istifadəçilərin lentdə sadəcə postları sürüşdürməsi deyil, canlı hadisələr zamanı daha interaktiv və sosial bir mühitdə vaxt keçirməsidir.
Bluesky canlı tədbirlər, aktual hadisələr və real vaxtlı müzakirələr üçün yeni funksiyaları sınaqdan keçirir. Bu yeniliklər platformanı X-ə real alternativ kimi mövqeləndirmək məqsədi daşıyır. Benzer qeyd edib ki, komanda bu istiqamətdə eksperimental yanaşma seçib və konkret funksiyalarla bağlı hələlik vəd vermək istəmirlər. Eyni zamanda Bluesky əsas funksiyaların təkmilləşdirilməsinə də diqqət ayırır. Planlara "draft" postların əlavə edilməsi, daha uzun videoların dəstəklənməsi, video yükləmənin sürətləndirilməsi və “kimi izləməli” tövsiyələrinin yaxşılaşdırılması daxildir. Platforma açıq şəkildə bu yeniliklərin hamısının bu il gələcəyini deməsə də, “əsasların möhkəm olması”nın istifadəçiləri saxlamaq üçün vacib olduğunu etiraf edir.
Bundan əlavə, Discover lentinin idarəsi üçün ayrıca komanda formalaşdırılır və mövzu etiketləri (topic tags) üzərində iş aparılır. Bu, istifadəçilərin maraq dairələrinə uyğun paylaşımları daha asan tapmasına kömək edəcək. Hazırda Bluesky-in gündəlik aktiv istifadəçi sayı təxminən 1,5 milyon təşkil edir. Bu göstərici Threads (təxminən 150 milyon) və X (270 milyondan çox) ilə müqayisədə xeyli azdır. Buna baxmayaraq, Bluesky canlı anlara fokuslanaraq, Elon Musk-ın rəhbərliyi dövründə X-də itirdiyini düşündüyü “köhnə Twitter ruhunu” axtaran istifadəçilər üçün sığınacaq olmağı hədəfləyir.
Paylaş