Bluesky Reddit modelinə keçir
Sosial Media
11.06.2026
Sevinj
Bluesky bu il ərzində istifadəçilərə maraq dairələrinə uyğun daha kiçik qruplarda bir araya gəlmək imkanı verəcək yeni "Communities" funksiyasını təqdim etməyə hazırlaşır. Şirkətin məhsul rəhbəri Aleks Benzer bildirib ki, yeni sistem istifadəçilərin eyni mövzular ətrafında daha sıx ünsiyyət qurmasına şərait yaradacaq.
Yeni funksiya Bluesky-ın əsasını təşkil edən mərkəzsizləşdirilmiş AT Protocol texnologiyası üzərində qurulacaq. Benzer-in sözlərinə görə, istifadəçilər icmalar yarada, onlara qoşula, həmin icmalarda paylaşım edə və yenilikləri izləyə biləcəklər. Platformanın əsas interfeysi sadə qalacaq, əlavə imkanlar isə icmalar vasitəsilə genişləndiriləcək. Hər bir icmanın özünəməxsus istifadəçi adı və eyni zamanda veb ünvanı olacaq. İstifadəçilər həmin ünvana daxil olduqda icmanın xüsusi ana səhifəsini görə biləcək, hətta tərtibatçılar burada tam fərdiləşdirilmiş təcrübə də təqdim edə biləcəklər.
Bluesky icmalar üçün üç fərqli məxfilik rejimi hazırlayır: hamı üçün açıq, yalnız dəvətlə qoşulmanın mümkün olduğu və tam məxfi icmalar. Bundan əlavə, hər bir icmanın ayrıca xəbər lentinə (feed) sahib olacağı bildirilir. Bu addım Bluesky rəhbərliyinin platformanı ənənəvi "ictimai meydan" konsepsiyasından uzaqlaşdıraraq daha çox maraq əsaslı icmaların formalaşdığı bir məkana çevirmək strategiyasının tərkib hissəsi hesab olunur. Şirkət rəhbərliyi daha əvvəl Reddit modelindən ilham aldıqlarını da açıqlamışdı.
Paylaş