Britaniya tənzimləyicisi Meta-nı lisenziyasız reklamlara görə tənqid etdi
Sosial Media
20.01.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, UK Gambling Commission Böyük Britaniyada qeyri-qanuni onlayn qumar saytlarının Meta platformalarında reklam edilməsinə göz yumulduğunu bildirərək şirkətin siyasətini açıq şəkildə tənqid edib.
Barselonada keçirilən konfransda çıxış edən qurumun icraçı direktoru Tim Miller bildirib ki, Meta adətən qeyri-qanuni qumar reklamlarına icazə vermədiyini və bu cür elanların yalnız şikayət daxil olduqdan sonra silindiyini iddia edir. Lakin Millerə görə, bu yanaşma reallığı əks etdirmir. Onun sözlərinə görə, Meta Facebook və Instagram üzərində hansı reklamların yayımlandığını bilmirmiş kimi davranır, halbuki bu, texniki baxımdan inandırıcı deyil.
Meta-nın daxili qaydalarına əsasən, qumar saytları reklam verdikləri ölkədə rəsmi lisenziyaya malik olmalıdır. Böyük Britaniyada isə bunun üçün operatorların GamStop sisteminə inteqrasiya olunması şərtdir. GamStop istifadəçilərə özlərini onlayn qumar saytlarından bloklamağa imkan verən milli mexanizmdir. Lakin UK Gambling Commission sadə axtarışlar apararaq GamStop-da qeydiyyatda olmayan və lisenziyasız qumar operatorlarının Meta platformalarında reklam yerləşdirə bildiyini aşkarlayıb.
Tim Miller vurğulayıb ki, Meta kimi qlobal texnologiya nəhənginin açar sözlər və daxili alətlər vasitəsilə bu cür reklamları proaktiv şəkildə bloklamaq imkanı var. Onun fikrincə, hazırkı vəziyyət Meta-nın qanunsuz operatorlardan gəlir əldə etməyə səssiz şəkildə davam etdiyi təəssüratını yaradır.
Paylaş