Facebook-dakı arxiv məlumatlarınızı necə yükləyə bilərsiniz?

TEXNOLOGİYA


26.03.2018 0 PAYLAŞIM 1661 OXUNMA


    Dünya miqyasında 1.5 milyard istifadəçisi olan Facebook sosial şəbəkəsində ən çox narahatlıq doğuran və maraq yaradan mövzulardan biri heç şübhəsiz ki, şəxsi məlumatlardır. Facebook hansı məlumatlarımızı əldə edir? Bizimlə bağlı nələri bilir? Üzv olduğumuzdan bəri kimləri dostluq siyahısından çıxarmışıq? Nələri bəyənib nələrə rəy bildirmişik? 

    Bütün bu məlumatları yenə Facebook vasitəsilə yükləyərək öyrənmək mümkündür. Facebook-da arxivi yükləmək üçün lazım olanları bir-bir qeydə aldıq. Əldə olunan nəticələr əmin olun ki, sizi də heyrətləndirəcək!

  1. Facebook hesabınıza daxil olduqdan sonra Parametrlər (Settings) bölməsinə keçid edin
  2. Ümumi Hesab Parametrləri (General Account Settings) bölməsinin altında Facebook məlumatlarının surətini endir (Download a copy of your Facebook data) bölümünə daxil olun.
  3. Daha sonra açılan Məlumatları endir (Download Your Information) səhifəsindəki Arxivi başlat (Start My Archive) butonuna klikləyin.
  4. Bu butona kliklədikdən sonra Facebook-a daxil olduğunuz elektron poçt ünvanınıza məlumatlandırma məktubu gələcək. Təxminən 5 dəqiqə sonra isə Facebook-dan ''Yükləmə prosesi yekunlaşdı'' başlığıyla gələn ikinci məktubla arxivinizi yükləmək üçün link göndəriləcək. 
  5. Bu linkə kliklədiyiniz zaman açılan səhifədə Facebook şifrənizi daxil etdikdən sonra qarşınıza çıxan Arxivi yüklə ilə sosial şəbəkədə bu günə qədər olan bütün məlumatlarınızı və hərəkətlərinizi saxlayan şəxsi Facebook arxivinizi .zip sənədi kimi yükləyə bilirsiniz. 

   Facebook arxivinizdə nələr var? Mövcud dostlarınızdan əlavə, göndərilən, amma hələ də cavablanmayan dostluq sorğularınız, təsdiqləmədiyiniz dostluq sorğuları və bir çox şəxsin maraqlandığı, silinən dostlar və s. Xəbər lenti məlumatlarınıza, paylaşdığınız yazılara, mesajlarınıza, fotolarınıza, kliklədiyiniz reklamlara, Facebook-a giriş və ya çıxış etdiyiniz zaman qeyd olunan İP adreslərinizə və tarixlərinə, eləcə də digər məlumatlara Facebook arxivi ilə daxil olmaq mümkündür.