Facebook Marketplace süni intellektlə yenilənir
Sosial Media
13.03.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Facebook Marketplace platforması satıcı və alıcı təcrübəsini sadələşdirmək məqsədilə yeni Meta AI funksiyalarını istifadəyə verməyə başlayıb. Şirkətin açıqlamasına görə, yeniliklər əsasən satıcıların mesajlara cavab verməsini sürətləndirməyə, elan yerləşdirmə prosesini avtomatlaşdırmağa və alış-satış prosesini daha şəffaf etməyə yönəlib.
Yeni funksiyalardan biri Meta AI tərəfindən hazırlanmış avtomatik mesaj cavablarıdır. Artıq satıcılar məhsulla maraqlanan alıcılardan gələn ilkin mesajlara süni intellekt vasitəsilə avtomatik cavab göndərə biləcəklər. Sistem elan məlumatlarını analiz edərək uyğun cavab mətni hazırlayır. Satıcılar bu cavabları aktivləşdirə, əvvəlcədən baxa və istəyə uyğun redaktə edə bilirlər.
Bu yenilik Marketplace istifadəçilərinin ən çox qarşılaşdığı problemlərdən birini həll etməyi hədəfləyir. Çünki satıcılar tez-tez artıq elanda qeyd olunan məlumatlarla bağlı eyni sualları cavablandırmağa vaxt sərf edirdi. Hətta ötən il bəzi istifadəçilər bu prosesi avtomatlaşdırmaq üçün öz AI alətlərini yaratmışdı.
Meta AI həmçinin elan yerləşdirmə prosesini də avtomatlaşdırır. Satıcı məhsulun sadəcə şəklini yüklədikdən sonra süni intellekt avtomatik olaraq elan layihəsi hazırlayır, detalları doldurur və bölgədəki oxşar məhsullara əsaslanaraq qiymət təklifi təqdim edir.
Platformada şəffaflığı artırmaq üçün alıcılar artıq satıcının Marketplace səhifəsinin yuxarı hissəsində profil xülasəsini də görə biləcək. Burada istifadəçinin Facebook-da nə qədər müddətdir aktiv olduğu, dost sayı, satış tarixçəsi, satdığı məhsul kateqoriyaları və satıcı reytinqləri haqqında qısa məlumat təqdim olunur.
Bundan əlavə, satıcılar indi elanlarına çatdırılma (shipping) seçimi əlavə edərək daha geniş auditoriyaya çıxış əldə edə bilərlər. Sistem əvvəlcədən ödənişli çatdırılma etiketləri yaratmağa və sifarişləri vahid idarə panelindən izləməyə imkan verir.
Paylaş