Google şirkəti Google+ sosial şəbəkəsini bağlayacaq: Səbəb nədir?

09.10.2018 0 PAYLAŞIM 720 OXUNMA

    Wall Street Journal saytının verdiyi məlumata əsasən Google şirkəti Google+ sosial şəbəkəsində sistem boşluğu aşkar edərək onu gizli saxlamışdır. Şirkət bunu öz nüfuzuna zərərin dəyməsi və nizamlayıcı orqanlar tərəfindən diqqətin yönəlməsi qorxusundan edib. Beləliklə şirkət Google+ sosial şəbəkəsini gələn ilin Avqust ayında bağlayacaq. Lakin servisin korporativ versiyası G-Suite biznes müştərilər paketinin daxilində fəaliyyətini davam etdirəcək.

    Google etiraf edib ki, 2011-ci ildə təqdim olunmuş Google+ sosial şəbəkəsi nəticə etibarilə istifadəçilər arasında böyük məşhurluq qazana bilmədi. Bundan əlavə olaraq şirkət Google hesablarının sahiblərinin özəl məlumatlarının və Android cihazlarının təhlükəsizlik sistemlərində yaranmış problemlərdən də danışdı. Bu ilin əvvəlindən başlayaraq Google Project Strobe komandası API Google istifadə edən kənar tərtibatçıların, istifadəçilərin hansı məlumatlarını əldə etdiklərini yoxlayıb.

    Yoxlanış əsnasında məlum olub ki, API Google+ sistemində boşluq olub və o boşluqdan istifadə etmiş tərtibatçılar istifadəçilərin açıq şəkildə təqdim etmədikləri ümumi hesab məlumatlarını əldə edə bilərmişlər. Əldə olunmuş potensial istifadəçi məlumatları arasında istifadəçinin adı, elektron poçt ünvanı, cinsi, yaşı və hesab fotosu var. Şirkət qeyd edib ki, məlumatlar arasında istifadəçilərin mesajları və onların kontaktlarındakı telefon nömrələri olmayıb.

    Məlumata əsasən şirkət bu sistem boşluğunu bu ilin Mart ayında aşkar edib və onu tez bir zamanda aradan qaldırıb. Şirkətin məlumatınsa əsasən bu sistem boşluğu sayəsində 500.000-ə yaxın Google+ hesabının məlumatları əldə olunmuş ola bilır. Lakin istintaq çərçivəsində kənar tərtibatçıların bu məlumatardan istifadə etdiklərinə dair bir sübut aşkar edilməyib. Məlumata əsasən kənar tərtibatçılar 2015-ci ilin Mart ayından bu ilin Mart ayına kimi istifadəçilərin özəl məlumatlarını əldə etmiş ola bilərlər.