main-post-cover

    Google şirkəti Google+ sosial şəbəkəsini daha tez bağlamaq qərarını verdi

    Sosial Media
    10.12.2018
    Farid Pardashunas
        Google şirkəti Google+ sosial şəbəkəsinin bağlanması haqqında ilk dəfə bu ilin oktyabr ayında xəbər vermişdi. Bunun səbəbi isə sosial şəbəkənin gözlənilən məşhurluğu qazanmaması və istifadəçilərin özəl məlumatlarının təhlükəsizlik sistemində yaranmış problemlər idi. Həmin problemləri şirkət bu ilin mart ayında aradan qaldırmışdı. Belə ki, Google+ API-dakı sistem boşluğu ucbatından kənar servislərin tərtibatçıları istifadəçilərin özəl məlumatlarını əldə etmiş ola bilərdilər. Həmin məlumatlar sırasında istifadəçilərin fotoları, elektron poçt ünvanları və s. kimi məlumatlar var idi. Nəticədə Google şirkəti sözügedən sosial şəbəkəni gələn ilin avqust ayında bağlayacağını bildirmişdi.
        İndi isə şirkət servisin daha bir sistem boşluğu barəsində xəbər verib. Əvvəlki sistem boşluğu kimi yenisi də Google+ API-ı əhatə edir. Bundan əlavə olaraq istifadəçilərin sızmış məlumatları şirkətin düşündüyündən də böyük olubmuş. Belə ki, sistem boşluğu nəticəsində sosial şəbəkənin 400 milyon istifadəçisindən 52.5 milyon istifadəçisinin məlumatları sızdırılıb. Şirkət bildirib ki, kənar servislərin tərtibatçılarının həmin məlumatlardan istifadə etmələri barəsində hansısa şübhəli bir ehtimal aşkar etməyib. Yeni aşkar edilmiş sistem boşluğu isə 7-13 noyabr tarixləri arasında aradan qaldırılıb. Nəticədə şirkət sosial şəbəkənin bağlanması prosesini sürətləndirmək qərarını verib. Beləliklə Google+ gələn ilin aprel ayında bağlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər