Grok-un deepfake qalmaqalı: X Avropada yenidən araşdırılır
Sosial Media
27.01.2026
Ilhama
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, X Avropa İttifaqında süni intellekt əsaslı Grok çatbotunun yaratdığı deepfake görüntülərlə bağlı rəsmi araşdırma ilə üz-üzə qalıb. Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Komissiya araşdırma çərçivəsində Grok-un görüntü yaratma imkanları ilə bağlı riskləri yetərincə qiymətləndirib-qiymətləndirmədiyini və bu risklərin azaldılması üçün adekvat addımlar atıb-atmadığını yoxlayacaq. Məlumatı daha əvvəl The New York Times də yayımlamışdı. Tənqidlərdən sonra X platformada açıq paylaşımlarda şəkil redaktəsini ödənişli etsə də, Grok-un daxili çatbot interfeysi vasitəsilə hələ də görüntü yaratmaq mümkündür.
Avropa Komissiyası araşdırmanı Digital Services Act (DSA) çərçivəsində aparır. Bu qanun böyük onlayn platformaların yayımlanan məzmunlara görə hüquqi məsuliyyət daşımasını nəzərdə tutur. Eyni zamanda, Komissiya 2023-cü ildən davam edən daha geniş istintaqı da genişləndirərək X-in Grok əsaslı tövsiyə sistemini də araşdıracaq. Qeyd edək ki, bu istintaq çərçivəsində X daha əvvəl aldadıcı “mavi işarə” sistemi səbəbilə 140 milyon dollar cərimələnmişdi.
Paylaş