Hindistan imtahan saxtakarlığına görə Telegram-ı müvəqqəti blokladı
Sosial Media
16.06.2026
Sevinj
Hindistan hökuməti ölkədə milyonlarla istifadəçisi olan Telegram platformasını müvəqqəti olaraq bloklayıb. Rəsmilər bildirirlər ki, qərarın əsas məqsədi tibb universitetlərinə qəbul imtahanlarında baş verən sualların sızdırılması hallarının qarşısını almaqdır. Məlumata görə, may ayında keçirilən NEET tibb universitetlərinə qəbul imtahanının sualları imtahandan əvvəl Telegram kanalları vasitəsilə yayımlanıb və pulla satılıb. Araşdırmalar nəticəsində hökumət imtahanın nəticələrini ləğv edib və iyunun 21-də yenidən keçirilməsi barədə qərar qəbul edib.
Yeni imtahanın təhlükəsizliyini təmin etmək üçün isə Telegram iyunun 22-dək ölkə ərazisində tamamilə bloklanıb. Beləliklə, platforma bu müddət ərzində Hindistandakı təxminən 84 milyon istifadəçi üçün əlçatan olmayacaq. Bununla yanaşı, qalmaqal təkcə sualların sızdırılması ilə məhdudlaşmır. Bu il tətbiq edilən yeni elektron qiymətləndirmə sistemi ilə bağlı çoxsaylı şikayətlər ortaya çıxıb. Bəzi tələbələr cavab vərəqlərinin başqa şəxslərə aid olduğunu, digərləri isə qiymətləndirmə sistemində təhlükəsizlik boşluqları olduğunu iddia ediblər.
Rəqəmsal hüquqlar üzrə fəaliyyət göstərən Internet Freedom Foundation təşkilatı isə Telegram-ın bloklanmasını tənqid edib. Təşkilat hesab edir ki, bu addım problemi kökündən həll etmir və yalnız adi istifadəçiləri cəzalandırır. Onların fikrincə, əsas diqqət imtahan sistemindəki təhlükəsizlik problemlərinin aradan qaldırılmasına yönəldilməlidir.
Paylaş