Instagram artıq “kopya kontent”ə qarşı ciddi mübarizəyə başlayır
Sosial Media
30.04.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta şirkətinə məxsus Instagram platforması artıq orijinal olmayan kontentə qarşı daha sərt qaydalar tətbiq etməyə başlayır. Şirkətin açıqlamasına görə, istifadəçilərin başqa hesablardan götürüb yenidən paylaşdığı videolar, şəkillər və ya “tweet” yığımları artıq əvvəlki kimi geniş auditoriyaya tövsiyə olunmayacaq.
Bu dəyişikliklər ilk dəfə 2024-cü ildə Reels videolarına tətbiq edilmişdi. İndi isə qaydalar genişləndirilərək foto və karusel paylaşımlarını da əhatə edir. Yeni qaydalara əsasən, yalnız istifadəçinin özünün çəkdiyi, hazırladığı və ya ən azı ciddi şəkildə dəyişiklik etdiyi kontent “orijinal” hesab ediləcək.
Bu o deməkdir ki, başqa platformalardan götürülmüş şəkilləri, TikTok videolarını və ya “viral tweet” screenshotlarını heç bir əlavə kreativ yanaşma olmadan paylaşan səhifələr artıq “Explore” və tövsiyə bölmələrində görünməyəcək. Belə kontent platformada qalacaq, amma reach ciddi şəkildə azalacaq.
Meta bildirir ki, məqsəd real yaradıcıları dəstəkləmək və eyni kontentin minlərlə dəfə paylaşılmasının qarşısını almaqdır. Lakin bu addım sosial mediada geniş yayılmış “clipping” və kontent aqreqasiya modellərinə ciddi təsir göstərə bilər. Çünki bu model əsasən başqalarının kontentini kəsib paylaşmaq üzərində qurulub. Şirkət həmçinin qeyd edir ki, əgər hesab 30 gün ərzində yenidən orijinal kontent paylaşmağa başlasa, tövsiyə sisteminə geri qayıda bilər.
Paylaş