Instagram-da HDR şəkillərlə bağlı problem aradan qaldırıldı
Sosial Media
21.04.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Instagram istifadəçilərinin son günlərdə qarşılaşdığı maraqlı bir problem rəsmi şəkildə izah edilib. Bəzi istifadəçilər paylaşdıqları rəngli fotoların platformada qara-ağ göründüyünü bildirirdi. Şirkət bu vəziyyətin texniki xətadan qaynaqlandığını açıqlayıb.
Məlumata görə, problem xüsusilə HDR (yüksək dinamik diapazonlu) fotoları əhatə edirdi. Texniki nasazlıq səbəbindən bu tip şəkillər düzgün emal olunmur və nəticədə ağ-qara formada göstərilirdi. Problem bəzi istifadəçilərdə aprelin 18-dən etibarən müşahidə olunmağa başlanmışdı.
Meta-ya məxsus Instagram komandası artıq bu xətanı aradan qaldırdığını bildirib. Şirkətin açıqlamasına görə, düzəliş tətbiq olunub və təsirlənmiş fotolar yaxın saatlar ərzində avtomatik şəkildə əvvəlki rəngli vəziyyətinə qaytarılacaq.
Instagram istifadəçilərdən yaranan narahatlığa görə üzr istəyib və əlavə edib ki, bu cür problemlərin təkrarlanmaması üçün texniki işlər davam etdirilir.
Paylaş