Logo
    main-post-cover

    Instagram-ın TV versiyası nəzərdən keçirilir

         Instagram böyük ekranlarda məzmun izləməyə artan tələbat fonunda ayrıca TV tətbiqi yaratmaq imkanını nəzərdən keçirir. Bu barədə servisin rəhbəri Adam Mosseri məlumat verib. O bildirib ki, platforma televiziya formatında izlənmə mövqelərini gücləndirmək üçün mobil cihazların hüdudlarından kənarda da auditoriyasını genişləndirməyə çalışır. Mosseri bu təşəbbüsdən ABŞ-da keçirilmiş Bloomberg Screentime konfransında danışıb və deyib: “Əgər istifadəçilərin davranışı və məzmun istehlakı bu platformalarda televizorlara doğru yönəlirsə, deməli, biz də ora yönəlməliyik”. O təsdiqləyib ki, şirkət TV tətbiqi yaratmaq imkanını araşdırır, lakin hələlik rəsmi elan planlaşdırılmadığını vurğulayıb.
         Mosseri əlavə edib ki, Instagram bütün müvafiq cihazlarda inandırıcı mövcudluq təmin etməyə çalışır və platformanın TV tətbiqinin hazırlanmasına daha əvvəl başlamadığına görə təəssüfünü ifadə edib. Eyni zamanda, servisin rəhbəri bildirib ki, Instagram yeni tətbiqi üçün idman tədbirlərinin canlı yayımlarını və ya Hollywood-dan eksklüziv məzmunu lisenziyalaşdırmaqda maraqlı deyil. Çünki şəxsi mesajlar, Stories və qısa Reels videoları kimi məşhur funksiyalara diqqət yönəltmək, TikTok YouTube kimi video platformalarla rəqabət şəraitində Instagram strategiyasının əsas elementi olub. Meta şirkətinə məxsus sosial şəbəkə hazırda ayda 3 milyard aktiv istifadəçiyə malikdir. Platforma ilk olaraq foto paylaşımı xidməti kimi yaradılsa da, bu müddət ərzində əhəmiyyətli dərəcədə inkişaf edib və indi əsas diqqəti şəxsi mesajlara, Stories funksiyasına və qısa Reels videolarına yönəldib.
    Paylaş