Logo
    main-post-cover

    Instagram paylaşımlarına gizli SEO başlıqları əlavə edir

        Meta-nın yeni strategiyası Instagram istifadəçilərini xəbərləri olmadan SEO alətinə çevirməkdir. 404 Media-nın məlumatına görə, platforma istifadəçilərin paylaşdığı postlara gizli şəkildə, çox güman ki, süni intellekt tərəfindən yaradılmış sensasiyalı başlıq və təsvirlər əlavə edir. Bu başlıqlar yalnız Google axtarış nəticələrində görünür və istifadəçilərə göstərilmir.
        Məsələn, Engadget redaktoru Sam Chapman-ın yaratdığı masaüstü oyun haqqında paylaşımına Instagram-ın əlavə etdiyi təsvir tamamilə səhv idi. AI tərəfindən yazılmış mətn oyunun adını belə səhv göstərib. 404 Media-nın qeyd etdiyi digər nümunədə isə yazıçı Jeff VanderMeer-in sadəcə banan yeyən dovşan videosu üçün “Banan yeməyi sevən dovşanla tanış olun” kimi tipik SEO başlığı yaradılıb. Məsələ təkcə fakt səhvləri ilə bitmir. Bir çox cosplayer də paylaşımlarının öz üslublarına zidd şəkildə avtomatik başlıq aldığını bildirib. Onların sözlərinə görə, bu “kütləvi şəkildə LLM tərəfindən yaradılmış ucuz mətnlərə” bənzəyir və insanları özlərini ifadə etmədikləri şəkildə təsvir edir.
        Bu başlıqlar Instagram postlarının kodunda – <title> hissəsində, təsvirlər isə “text” bölməsində görünür. Google-ın Rich Result Test vasitəsi ilə də bunu yoxlamaq mümkündür. Xatırladaq ki, bu mətnlər alt-text funksiyası deyil. Meta məsələyə cavab olaraq bildirib ki, axtarış nəticələrində paylaşımları daha anlaşılan etmək üçün AI başlıqları test edilir. İstifadəçilər indeksləşdirməni söndürə bilər, amma bu, hesabın ümumi tapılma ehtimalını xeyli azaldır.
    Paylaş