Instagram süni intellekt kontenti üçün “AI creator” etiketini test edir
Sosial Media
04.05.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Instagram platforması süni intellektlə hazırlanmış məzmunun daha aydın şəkildə göstərilməsi üçün yeni funksiya üzərində işləyir. Şirkət hazırda “AI creator” adlı yeni hesab səviyyəli etiketi test edir.
Yeni etiket sayəsində kontent istehsalçıları öz profillərində və paylaşımlarında süni intellektdən istifadə etdiklərini könüllü şəkildə qeyd edə biləcəklər. Etiket həm profil səhifəsində, həm də post və Reels videolarında görünəcək və istifadəçilərə bu məzmunun AI ilə yaradıldığını və ya dəyişdirildiyini açıq şəkildə bildirəcək. Bu yanaşma əvvəlki “AI info” nişanlarından fərqlənir. Çünki həmin nişanlar yalnız kontentin “ola bilər ki, AI ilə hazırlanıb” kimi qeyri-müəyyən məlumat verirdi. Yeni “AI creator” etiketi isə daha konkret və şəffaf izah təqdim edir.
Əsas məsələ ondan ibarətdir ki, bu etiket tamamilə könüllüdür. Yəni kontent istehsalçıları onu istifadə etməyə məcbur deyil. Bu isə o deməkdir ki, istifadəçilər hələ də AI ilə yaradılmış, lakin heç bir etiket daşımayan məzmunlarla qarşılaşa bilərlər. Meta bildirir ki, bu addım platformada şəffaflığı artırmaq və istifadəçilərin gördükləri kontenti daha yaxşı anlamasına kömək etmək məqsədi daşıyır. Bununla belə, şirkətin AI kontenti avtomatik və dəqiq şəkildə aşkar etmək imkanlarının hələ də məhdud olduğu qeyd olunur. Ekspertlər hesab edir ki, süni intellekt kontentinin sürətlə yayılması fonunda gələcəkdə bu tip etiketlərin məcburi hala gətirilməsi də gündəmə gələ bilər.
Paylaş