Instagram yeni abunəlik sistemini test etməyə başlayıb
Sosial Media
31.03.2026
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Meta Instagram platformasında yeni ödənişli abunə modelini test etməyə başladığını təsdiqləyib. “Instagram Plus” adlanan bu xidmət istifadəçilərə eksklüziv funksiyalar təqdim edir və hazırda bəzi ölkələrdə sınaq mərhələsindədir.
Yeni abunə ilə istifadəçilər artıq Story-lərə gizli baxa biləcəklər, yəni paylaşım sahibi onların baxdığını görməyəcək. Bundan əlavə, istifadəçilər öz Story-lərinə neçə nəfərin yenidən baxdığını da izləyə biləcəklər.
“Instagram Plus” həmçinin istifadəçilərə Story üçün limitsiz auditoriya siyahıları yaratmaq imkanı verir. Bu isə o deməkdir ki, artıq paylaşımları yalnız “hamı” və ya “Close Friends” ilə deyil, fərqli qruplar üzrə bölüşmək mümkün olacaq. Digər funksiyalar arasında Story-ni əlavə 24 saat uzatmaq, həftədə bir dəfə seçilmiş Story-ni önə çıxarmaq (spotlight), animasiyalı “Superlike” göndərmək və Story izləyiciləri siyahısında konkret şəxsi axtarmaq imkanı da var.
Qiymətlər ölkədən asılı olaraq dəyişir. Məlumata görə, Meksikada aylıq təxminən 2.20 dollar, Yaponiyada 2 dollar, Filippində isə 1.07 dollar civarındadır. Hazırda xidmətin Meksika, Yaponiya və Filippində test edildiyi bildirilir. Qeyd edək ki, bu abunə Meta Verified xidmətindən fərqlidir. “Instagram Plus” daha çox adi istifadəçilər üçün nəzərdə tutulub.
Meta bildirib ki, xidmət hələ test mərhələsindədir və gələcəkdə daha geniş auditoriyaya təqdim oluna bilər. Bununla yanaşı, bəzi istifadəçilər artıq sosial şəbəkələrdə bu cür ödənişli funksiyalara qarşı narazılıqlarını ifadə edirlər.
Paylaş