İzləyici sayı artıq önəmli deyil: Sosial şəbəkələrdə yeni reallıq
Sosial Media
30.12.2025
Sevinc
Sosial şəbəkələrdə izləyici sayı artıq əvvəlki qədər önəm daşımır. Alqoritmlərin tam nəzarəti ələ alması nəticəsində paylaşımlar çox vaxt hətta minlərlə izləyicisi olan yaradıcıların auditoriyasına belə çatmır. Bu barədə TechCrunch-a danışan yaradıcılıq iqtisadiyyatı rəhbərləri bildirirlər ki, 2025-ci il bu baxımdan dönüş nöqtəsi olub.
LTK platformasının baş direktoru Amber Venz Box deyir ki, artıq izləyici sayı faktiki olaraq əhəmiyyətini itirib və əsas məsələ insanlarla birbaşa etibar münasibəti qurmaqdır. Onun sözlərinə görə, süni intellektlə generasiya olunan “keyfiyyətsiz kontent” (AI slop) istifadəçiləri real insanlara və real təcrübələrə sahib kontent yaradıcılarını daha çox axtarmağa vadar edir.
Şirkətin sifarişi ilə aparılan araşdırmaya əsasən, kontent yaradıcısı şəxslərə olan etibar bir il ərzində 21 % artıb. Marketinq rəhbərlərinin 97 %-i isə 2026-cı ildə influencer marketinqinə daha çox büdcə ayırmağı planlaşdırır. Bu da brendlərin hələ də insan faktoruna güvəndiyini göstərir. Lakin auditoriya ilə birbaşa əlaqə qurmaq getdikcə çətinləşir. Bu səbəbdən bir çox kontent yaradıcısı yeni strategiyalara əl atır. Bunlardan biri də “clipping” adlanan üsuldur, yəni yayım və ya uzun videolardan qısa, diqqətçəkən hissələrin kəsilib müxtəlif anonim hesablar tərəfindən paylaşılması.
Bu strategiyadan istifadə edən məşhur adlar arasında Twitch ulduzu Kai Cenat və MrBeast də var. Məqsəd isə alqoritmik lentlərdə mümkün qədər çox yerdə görünmək və izləyiciyə dolayı yolla çatmaqdır. Ekspertlər bildirir ki, bu metod hazırda effektiv olsa da, həddindən artıq yayılarsa, yenə də sosial şəbəkələri “kontent zibilliyi”nə çevirə bilər.
Paylaş