Logo
    main-post-cover

    Keçmiş Meta rəhbəri məhkəmədə şirkətin iş prinsipini izah etdi

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta-nın reklam sisteminin qurulmasında mühüm rol oynamış keçmiş top-menecer Brian Boland Kaliforniyada keçirilən məhkəmə prosesində şirkət əleyhinə ifadə verib. O bildirib ki, Meta-da əsas prioritet istifadəçilərin rifahı yox, platformanın böyüməsi və gəlirlərin artırılması olub.
        Boland 2009–2020-ci illər arasında Meta-da müxtəlif reklam və tərəfdaşlıq vəzifələrində çalışıb və son olaraq şirkətin tərəfdaşlıqlar üzrə vitse-prezidenti olub. Onun sözlərinə görə, Mark Zuckerberg şirkət daxilində “artım və rəqabətdə qalib gəlmək” mədəniyyətini təşviq edirdi. Boland məhkəmədə deyib ki, Meta-nın məşhur “Move fast and break things” şüarı sadəcə söz deyil, real iş prinsipi idi. İşçilərin masasına “Bu gün nəyi dağıdacaqsan?” yazılmış qeydlər qoyulurdu. O bildirib ki, şirkətdə heç vaxt istifadəçi təhlükəsizliyi ilə bağlı “fövqəladə rejim” elan olunmayıb, amma rəqabət və məhsul inkişafı üçün belə hallar olub.
        Keçmiş rəhbər iddia edib ki, xüsusilə gənclərin Facebook və Instagram-a daha çox cəlb olunması şirkətin gəlir modelinin bir hissəsi idi. Onun sözlərinə görə, alqoritmlər istifadəçi marağını və platformada qalma müddətini artırmaq üçün qurulmuşdu. “Alqoritmin əxlaqı yoxdur. O yemir, yatmır və heç nəyi vecinə almır,” – deyə Boland ifadəsində vurğulayıb. Onun fikrincə, sistem proqramlaşdırıldığı məqsədi, yəni aktivliyi fasiləsiz şəkildə maksimuma çatdırmağa çalışırdı.
        Meta rəhbərliyi isə bu iddiaları qəbul etmir. Mark Zuckerberg və Instagram rəhbəri Adam Mosseri məhkəmədə bildiriblər ki, istifadəçilərin özlərini yaxşı hiss etməsi şirkətin uzunmüddətli maraqlarına uyğundur və qərarlar bu prinsipə əsaslanır. Boland həmçinin deyib ki, şirkət daxilində təhlükəsizliklə bağlı narahatlıqlar əsas prioritet sayılmırdı və media tənqidlərinə cavab vermək daha vacib hesab olunurdu. O, şirkətdən ayrılarkən 10 milyon dollardan çox dəyəri olan səhmlərdən imtina etdiyini də qeyd edib.
    Paylaş