Logo
    main-post-cover

    Meta Avstraliyada 756 min yeniyetmə hesabını bağladı

        Avstraliyada 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsini məhdudlaşdıran qanunun tətbiqindən sonra Meta yüz minlərlə hesabı deaktiv edib. Şirkətin açıqlamasına görə, 2025-ci ilin dekabrından 2026-cı ilin iyununa qədər 16 yaşdan aşağı şəxslərə aid olduğu müəyyən edilən ümumilikdə 756 min hesab bağlanıb. Bunlardan 462 mini Instagram, 294 mini isə Facebook hesabıdır. Avstraliya 10 dekabr 2025-ci ildə 16 yaşdan kiçik şəxslərin əsas sosial media platformalarından istifadəsini qadağan edən dünyada ilk ölkə olub. Qaydalar Facebook və Instagram-la yanaşı TikTok, YouTube, Snapchat və digər böyük platformaları da əhatə edir. Yaş məhdudiyyətinin tətbiqinə görə məsuliyyət valideynlərin deyil, birbaşa platformaların üzərinə qoyulub. Lakin yüz minlərlə hesabın silinməsinə baxmayaraq, qadağanın effektivliyi ilə bağlı ciddi suallar qalır. Müstəqil araşdırmalar və hökumətin məlumatlarına əsasən, qadağanın ilk üç ayında 16 yaşdan kiçiklərin 80 %-dən çoxu sosial mediadan istifadə etməyə davam edib.
    Should Australia ban children under 16 from social media – and how would it  actually work? | Social media | The Guardian
        Əsas problemlərdən biri yaş məhdudiyyətindən yan keçməyin nisbətən asan olmasıdır. Yeniyetmələr qeydiyyat zamanı doğum tarixini dəyişə, böyüklərin məlumatlarından istifadə edə və ya bağlanmış hesabın əvəzinə yenisini yarada bilirlər. Meta bildirir ki, istifadəçilərin real yaşını müəyyənləşdirmək üçün süni intellekt texnologiyalarından istifadə edir. Sistem profildəki məlumatları, ad günü paylaşımlarını, məktəb və siniflə bağlı qeydləri, istifadə davranışlarını və digər siqnalları analiz edir. Şirkət həmçinin fotolardan istifadəçinin təxmini yaşını müəyyən edən texnologiyalardan yararlanır.
        Meta-nın sözlərinə görə, azyaşlıya aid olduğu üçün silinmiş hesabların yenidən yaradılmasının qarşısını almaq üçün də əlavə mexanizmlər tətbiq edilir. Bununla belə, yaşın süni intellekt və fotolar əsasında müəyyənləşdirilməsi həmişə dəqiq nəticə vermədiyindən səhv qərarların mümkünlüyü də müzakirə olunur.
    Paylaş