Meta-da süni intellekt səhvləri artır
Sosial Media
22.07.2026
Sevinj
Meta-nın süni intellekt əsaslı moderasiya sistemi son aylarda çoxsaylı istifadəçinin Facebook, Instagram və WhatsApp hesablarını səhvən bloklamaqda ittiham olunur. Şirkətin qərarlarından narazı qalan 60 mindən çox istifadəçi Meta-dan bloklanmaların səbəblərini açıqlamağı və müraciətlərə insanlar tərəfindən baxılmasını tələb edən petisiyaya qoşulub. Məsələyə diqqət çəkən nümunələrdən biri İngilis dili tədrisi ilə məşğul olan Camille Hanson və həyat yoldaşına aiddir. Cütlüyün Facebook və Instagram-da ümumilikdə bir milyona yaxın izləyicisi olan hesabları "dələduzluq və aldatma" qaydalarını pozduğu iddiası ilə silinmək üçün işarələnib. Onların etdiyi apellyasiya isə rədd edilib və Meta qərarın yenidən nəzərdən keçirilməyəcəyini bildirib. Ailə hesabların bağlanmasını bizneslərinin bir gecədə fəaliyyətini dayandırması ilə müqayisə edib.
Meta mart ayında hesabların qayda pozuntularının müəyyənləşdirilməsi və apellyasiyaların qiymətləndirilməsində süni intellektdən daha geniş istifadə edəcəyini açıqlamışdı. Daha sonra isə bu sahədə çalışan minlərlə əməkdaşını ixtisar edib. Bundan sonra Reddit və digər platformalarda istifadəçilər avtomatik bloklanmalar və insan dəstəyi ala bilməmələri ilə bağlı çoxsaylı şikayətlər paylaşmağa başlayıblar. Şirkət isə tənqidləri qəbul etmir. Meta sözçüsü Daniel Roberts bildirib ki, yeni AI moderasiya sistemi insan moderatorlarla müqayisədə 13 % daha az səhv edir və 10 % daha çox qayda pozuntusu aşkarlayır. Onun sözlərinə görə, mediada gündəmə gələn bəzi hesablar isə yeni deyil, əvvəlki moderasiya sistemləri tərəfindən bloklanıb.
Buna baxmayaraq, səhv bloklanmalarla bağlı nümunələr artmaqda davam edir. Məsələn, ABŞ-də fəaliyyət göstərən "JuneteenthNY" təşkilatının rəhbəri Athenia Rodney hesablarının uşaq istismarı məzmunu paylaşdığı iddiası ilə silindiyini bildirib. Sonradan məlum olub ki, hesablar hakerlərin nəzarətinə keçib. Uzun müddət ərzində Meta ilə əlaqə saxlamaq cəhdləri nəticə verməyib və hesab yalnız mediaya müraciətdən sonra bərpa edilib. Oxşar problemlər Avropada WhatsApp istifadəçilərinə də təsir edib. Tanınmış texnologiya yazarı M.G. Siegler hesabının heç bir xəbərdarlıq və izahat verilmədən bir neçə dəfə bloklandığını bildirib. Xüsusilə Avropada WhatsApp-ın gündəlik ünsiyyət üçün geniş istifadə olunduğunu nəzərə alsaq, bu cür bloklanmalar istifadəçilər üçün ciddi problemlər yarada bilər.
Paylaş
