Meta istifadəçiləri öz metakainatına cəlb edə bilmir: Onlar 1 aydan sonra virtual platformanı tərk edirlər

Meta istifadəçiləri öz metakainatına cəlb edə bilmir: Onlar 1 aydan sonra virtual platformanı tərk edirlər

Sosial Media
18.10.2022 PAYLAŞIM

    Şirkət adının Facebook-dan Meta Platforms-a dəyişdirilməsindən artıq demək olar 1 il vaxt keçib. Bu cür addımı atmaqla şirkət metakainata virtual dünyalara üstünlük verdiyini göstərməyə çalışıb. Lakin şirkətin daxili sənədləri ilə yaxından tanış olmuş The Wall Street Journal jurnalistlərinin sözlərinə əsasən Meta-nın metakainat ilə bağlı planlarını çoxlu sayda texniki problemlər, istifadəçilər tərəfindən marağın olmaması və bu istiqamətdə uğurun əldə olunması üçün əslində nəyin lazım olduğunu anlamama faktoru əngəlləyir. Meta şirkətinin CEO-su Mark Zuckerberg dəfələrlə qeyd edib ki, metakainatın qurulması üçün illər lazım ola bilər. Lakin şirkətin Horizon Worlds adlı virtual platforması şirkətin hətta daxili gözləntilərini belə qarşılamır. Bu ilin sonuna kimi Meta öz virtual platformasına aylıq 500 000 nəfər yeni aktiv istifadəçini cəlb etməyi planlaşdırırdı. Lakin bir neçə müddət bundan öncə şirkət bu gözləntini 280 000 nəfərə endirməli oldu. Şirkətin daxili sənədlərinə əsasən virtual platformada heç 200 000 istifadəçi belə yoxdur. Müqayisə üçün qeyd etmək lazımdır ki, Meta-ya məxsus olan Facebook, Instagram Whatsapp ümumilikdə aylıq 3.5 milyard istifadəçi kütləsinə sahibdirlər. Bu isə Yer kürəsi əhalisinin yarısı deməkdir.

200 000 istifadəçi isə kiçik bir şəhərin əhali sayıdır. İstifadəçilərin çoxu Horizon Worlds-də 1 aydan çox zaman keçirmir. Həmin istifadəçilər isə 1 aylıq istifadədən sonra virtual platformaya ümumiyyətlə qayıtmırlar.

    Horizon Worlds geniş virtual mühitlərə və dünyalara sahib platformadır. Bu platformada real istifadəçilər 3D avatarlar şəklində təqdim olunurlar. Həmin avatarlar vasitəsilə real istifadəçilər sözügedən platformada alış-veriş edə, party-lər təşkil edə və işləyə bilərlər. Lakin Hot Girl Summer Rooftop Pool Party adlı virtual mühitə qadın istifadəçilər çox nadir hallarda daxil olur, Murder Village adlı virtual mühitdə kimisə “öldürmək” üçün istifadəçi olmur, Questy kimi virtual oyun dünyalarına isə ümumiyyətlə heç kim daxil olmur. Şirkətin öz statistikasına əsasən platformada mövcud olan virtual dünyaların yalnız 9%-nə 50-dən çox istifadəçi daxil olur. Yerdə qalan virtual dünyalarda isə heç kim olmur. Horizon Worlds platformasına daxil olmaq üçün Meta-nın Quest adlı VR cihazlarından birinə sahib olmaq lazımdır. Lakin şirkətin özü də bilir ki, istifadəçilərin çoxu VR cihazlarından tez zamanda bezirlər. Sözügedən cihazların yarısı artıq yarım ildən sonra istifadə edilmir. Şirkət tərəfindən aparılmış sorğuda iştirak etmiş istifadəçilər bildiriblər ki, onlar sadəcə olaraq özlərinə maraqlı olacaq virtual dünyaları və insanları tapa bilmirlər. Bundan əlavə olaraq Horizon Worlds-də təqdim edilmiş avatarlar real insanlara bənzəmirlər. Onların heç ayaqları da yoxdur. Şirkət tərəfindən aparılmış sorğuda isə cəmi 514 nəfər iştirak edib.


Mövcud vəziyyəti düzəltmək üçün şirkət virtual platformada lockdown rejimini aktivləşdirib. Bu isə o deməkdir ki, tərtibatçılar istifadəçilərin virtual dünyalarla qarşılıqlı əlaqələrini yaxşılaşdırmayana kimi platformada yeni funksiyalar istifadəyə verilməyəcək.

    Keçən həftə Meta şirkəti Quest Pro adlı yeni VR cihazını təqdim etmişdi. Sözügedən VR cihaz 1500$-a satılır. Lakin Quest Pro adi istifadəçilər üçün deyil, metakainat memarları, dizaynerləri və mühəndisləri üçün nəzərdə tutulub. Mark Zuckerberg əmindir ki, bu VR cihaz metakainat texnologiyaları üçün yeni standartları müəyyənləşdirəcək. Bundan əlavə olaraq Zuckerberg söz verib ki, virtual platformada avatarlar sonunda ayaqlar əldə edəcəklər. Şirkət həmçinin bu il Horizon Worlds-un mobil cihazlar və kompüterlər üçün nəzərdə tutulmuş veb versiyasını da istifadəyə verməyi planlaşdırırdı. Lakin Quest Pro-nun təqdimatı çərçivəsində bunun nə zaman baş verəcəyi barəsində məlumat verilmədi. Metakainat ideyası nüfuzu dəfələrlə zərər çəkmiş şirkət üçün ikinci şansa çevrildi. Şirkət adının Meta-ya dəyişdirilməsi sayəsində şirkət yeni format ilə strategiyasını elan etdi və yeni trendin yayılmasına çalışdı. Belə ki, bir çox şirkətdə metakainat üzrə direktor vakansiyası aktivləşdi. Balenciaga Prada kimi geyim brendləri öz rəqəmsal geyimlərini təqdim etməyə başladılar. Hətta alkoqol brendləri də virtual barları istifadəyə verməyə başladılar.

Lakin heç kim bu mövzu ilə əlaqədər daha nələrin olacağını bilmir. İnvestorlar konkret olaraq nəyə vəsait yatırmağın lazım olduğunu bilmirlər. Hətta Meta-nın daxilində Horizon Worlds-un hansı istiqamətdə inkişaf etməli olduğu üzrə konkret bir fikir yoxdur.

    Bununla belə şirkətin metakainat üzrə vitse-prezidenti Vishal Shah-ın sözlərinə əsasən əsas tezis güclü olaraq qalır: Bütün mənfi özəlliklər ilə mübarizə aparmaq lazımdır, platformanın yaradıcıları isə istifadəçi qismində platformaya daha çox daxil olmalıdırlar. Bütün bunlara baxmayaraq bəzi isitifadəçilər Horizon Worlds-da təsadüfi şəxslər ilə ünsiyyət qurmağı sevirlər. İstifadəçilərdən birinin sözlərinə əsasən böyrək köçürülməsi əməliyyatından sonra metakainat onun üçün ideal istirahət üsulu olub. İT sahə üzrə layihə meneceri vəzifəsində çalışan 41 yaşlı Carlos Silva isə Quest 2 adlı VR cihazı alıb və keçən ilin əvvəlindən Horizon Worlds-a daxil olur. Bu üsul ilə o, koronavirus pandemiyası zamanı yaranmış ünsiyyət çatışmazlığını aradan qaldırmaq istəyirdi. Virtual platformadan istifadənin ilk günündə o ümumiyytlə heç kimlə qarşılaşmayıb. İndi isə Carlos hər həftənin çərşənbə günü istifadəçilər üçün virtual turlar keçirdir. Bu üsul ilə Carlos yeni istifadəçilərə virtual platformada adaptasiya olmağa yardımçı olur.

    Onun sözlərinə əsasən virtual ekskursiyalara marağın ən pik həddi keçən Milad bayramında baş tutmuşdu. Belə ki, həmin vaxt bir tura 400 nəfər istifadəçi qoşulurdu. İndi isə turlara maksimum 150 nəfər istifadəçi qoşulur. Carlos bildirib ki, metakainat gələn il deyil 10 ildən sonra trendə çevriləcək. Meta istəyir ki, adi istifadəçilər öz dünyalarını yaratsınlar. Horizon Worlds-da bunun üçün bütün alətlər mövcuddur. Lakin virtual platformanın ümumi istifadəçi kütləsinin 1%-dən az hissəsi bununla məşğul olur. Şirkətin fikrincə əsas problemləri aradan qaldırmaqla istifadəçilərin maraqlarını geri qaytarmaq olar. İstifadəçilərin özləri də bu fikri təsdiqləyirlər. İstifadəçilərin çoxunun metakainata geri qayıtmamalarının əsas səbəblərindən biri də bu virtual mühitdə pul qazana bilməməkdir. Ənənəvi sosial şəbəkələrdə istifadəçilər müxtəlif brendlər ilə əməkdaşlıq edərək pul qazana bilirlər. Lakin virtual platformada bu cür imkanlar hələ yoxdur. Virtual mühitdə pul qazanma imkanının olduğu halda istifadəçilər bütün günlərini orada keçirtməyə hazırdırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mac kompüterləri üçün Whatsapp-ın Apple M prosessorlarını dəstəkləyən beta versi..

Whatsapp tərtibatçıları keçən ilin yay fəslində messencerin Mac kompüterləri üçün nəzərdə tutulmuş t..


Whatsapp-da fotoları ilkin keyfiyyətdə göndərmək mümkün olacaq

Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlum olub ki, onlar messencerin ..


Elon Musk daha bahalı Twitter Blue abunəliyini istifadəyə verməyi planlaşdırır..

Elon Musk bir neçə gün bundan öncə onu narahat edən məsələlər barəsində fikrini bildirib...


Twitter yaxın zamanda müasir messencerlərin vacib funksiyalarından birini əldə e..

İnsayderlərin verdikləri yeni məlumata əsasən Twitter yaxın zamanda istifadəçilərin bir-biriləri ilə..


Whatsapp-da audio formatlı statusların testinə start verilib

Whatsapp-ın yeni beta versiyasında barəsində uzun müddət ərzində məlumat sızıntısı olmuş növbəti fun..


Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeni funksiyalar məlum olub

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş növbəti yenilənmə üzərində çalışırlar və o, ..

×