Meta məhkəmədə uduzdu: yeniyetmələrə zərər verdiyi sübut olundu
Sosial Media
01.04.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Meta şirkəti sosial şəbəkələrin yeniyetmələrə zərər verməsi ilə bağlı açılan məhkəmə işində ilk dəfə rəsmi olaraq məsuliyyət daşıyan tərəf kimi tanınıb. ABŞ-nin Nyu-Meksiko ştatında keçirilən məhkəmə prosesində Meta platformalarının uşaqların təhlükəsizliyini riskə atdığı qərara alınıb və şirkət 375 milyon dollar cərimə edilib.
Bundan cəmi bir gün sonra Meta daha bir məhkəmə işini uduzub. Los-Ancelesdə keçirilən məhkəmədə isə münsiflər heyəti Meta və YouTube tətbiqlərinin qəsdən asılılıq yaradan şəkildə dizayn edildiyini və bunun yeniyetmələrin psixi sağlamlığına zərər verdiyini müəyyən edib. Bu iş üzrə şirkətlər ümumilikdə 6 milyon dollar cərimə olunacaq.
Məhkəmə prosesləri zamanı Meta-nın daxili sənədləri də ortaya çıxıb. Bu sənədlər göstərir ki, şirkət sosial şəbəkələrin yeniyetmələrə mənfi təsirini bildiyi halda, onların platformada daha çox vaxt keçirməsi üçün xüsusi strategiyalar hazırlayıb. Hətta bəzi sənədlərdə məktəbdə dərs zamanı belə yeniyetmələrin telefonlarına baxmasını təşviq edən ifadələr yer alıb.
Ekspertlər bildirir ki, bu qərarlar Meta-ya qarşı minlərlə yeni məhkəmə işinin açılmasına səbəb ola bilər. Hazırda ABŞ-də onlarla ştat Meta-ya qarşı oxşar iddialarla məhkəməyə müraciət edib. Meta isə qərarla razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət bildirir ki, yeniyetmələrin psixi sağlamlığını yalnız sosial şəbəkələrlə əlaqələndirmək düzgün deyil və bu, daha geniş sosial problemdir.
Paylaş