Meta tarixində ilk dəfə daimi hesab qadağalarını yenidən nəzərdən keçirir
Sosial Media
20.01.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Meta-nın Müşahidə Şurası (Oversight Board) tarixində ilk dəfə olaraq istifadəçi hesablarının daimi bloklanması mövzusunu araşdıran presedent xarakterli bir işi gündəminə çıxarıb.
Daimi qadağa ən sərt tədbirlərdən biri hesab olunur. Bu qərar istifadəçilərin profillərinə, xatirələrinə, dost siyahılarına çıxışını tam bağlayır. Kontent yaradıcısı və ya biznes hesabları üçün isə bu, auditoriya ilə əlaqənin və marketinq imkanlarının tam itirilməsi deməkdir. Şura bildirir ki, fəaliyyətə başladığı 5 il ərzində ilk dəfədir ki, daimi hesab qadağaları birbaşa olaraq onun müzakirə mövzusuna çevrilib.
Araşdırılan iş adi bir istifadəçi ilə bağlı deyil. Söhbət Instagram-da tanınmış bir hesabdan gedir. Həmin istifadəçi dəfələrlə Meta-nın İcma Standartlarını pozaraq:
- qadın jurnalistə qarşı vizual zorakılıq təhdidləri,
- siyasətçilərə qarşı homofob ifadələr,
- cinsi xarakterli açıq məzmun,
- azlıqlara qarşı əsassız ittihamlar paylaşıb.
Meta xüsusi qərarla hesabı birdəfəlik bağlayıb. Şura hesabın adını açıqlamasa da, bu işin nəticələrinin ictimai fiqurları, jurnalistləri hədəf alan təhqir, təhdid və təzyiq xarakterli paylaşımlar edən digər istifadəçilərə də təsir göstərə biləcəyi vurğulanır. Eyni zamanda, izah verilmədən daimi bloklanan istifadəçilər üçün də presedent yarana bilər.
Meta bu işi özü Şuraya təqdim edib və aşağıdakı məsələlər üzrə rəy almaq istədiyini açıqlayıb:
- daimi qadağaların ədalətli tətbiqi,
- jurnalist və ictimai fiqurların davamlı təhdidlərdən qorunması,
- platformadan kənar məzmunun müəyyənləşdirilməsi çətinlikləri,
- cəzalandırmanın istifadəçi davranışına real təsiri,
- hesabların bloklanması ilə bağlı şəffaf izahat mexanizmləri.
Bu araşdırma Meta-nın son bir ildə üzləşdiyi kütləvi və izahsız bloklanmalarla bağlı narazılıqlardan sonra gündəmə gəlib. Xüsusilə Facebook qrupları və fərdi hesab sahibləri avtomatlaşdırılmış moderasiya sistemlərini tənqid edir. Hətta pullu Meta Verified dəstəyinin belə bu hallarda kömək etmədiyi bildirilir.
Paylaş