Meta Threads üçün yeni “Live Chats” funksiyasını təqdim etdi
Sosial Media
23.04.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Threads platforması istifadəçilərin real vaxtda ünsiyyətini gücləndirmək üçün yeni “Live Chats” funksiyasını təqdim edir. Meta tərəfindən elan olunan bu yenilik xüsusilə mədəni və idman hadisələri zamanı tətbiqi daha aktual və “canlı” etməyi hədəfləyir.
Yeni funksiya ilk olaraq NBA Playoffs çərçivəsində istifadəyə verilir. Tanınmış media simaları, Malika Andrews, Rachel Nichols və Da Kid Gowie oyunlar zamanı Live Chat-lara ev sahibliyi edəcəklər.
Live Chats istifadəçilərə mesaj, foto, video, link və emoji reaksiyaları paylaşmağa imkan verir. Eyni anda maksimum 150 nəfər aktiv şəkildə yazışa bilir. Limit dolduqda digər istifadəçilər “izləyici” rejimində qalaraq söhbəti izləyə, reaksiyalar verə və sorğularda iştirak edə bilirlər.
Bu funksiya X ilə rəqabətdə geri qalan Threads-in real vaxt kontent sahəsində mövqeyini gücləndirməyi hədəfləyir. Meta bildirir ki, Live Chats kontent yaradıcıları və izləyicilər arasında real vaxtda daha dinamik ünsiyyət qurmağa imkan verir. İstifadəçilər bu çatlara Community lentindən, paylaşılan postlar vasitəsilə və ya profil şəklindəki “canlı” işarədən qoşula bilərlər. Çatlar müəyyən müddətdən sonra bitsə də, sonradan açıq və izlənilə bilən qalır.
Paylaş