Logo
    Minlərlə istifadəçiyə TikTok-un işləməyən qoruma aləti göstərilib - iddia

    Minlərlə istifadəçiyə TikTok-un işləməyən qoruma aləti göstərilib - iddia

    Sosial Media
    08.10.2026
        New York ştatı “TikTok”u minlərlə istifadəçiyə işləməyən, sadəcə təhlükəsizlik funksiyası təsiri bağışlayan alətlər göstərməkdə günahlandırır. Sınaqda uşaqlar və yeniyetmələr də iştirak edib. İddialar ştatın 2024-cü ildə açdığı məhkəmə işinin yenilənmiş mətnində yazılıb. Əvvəl məxfi saxlanılan sənəd sonradan hakimin qərarı ilə ictimailəşdirilib.
    Minlərlə istifadəçiyə TikTok-un işləməyən qoruma aləti göstərilib - iddia
        Sınaq “Algo Refresh” adlı alətlə bağlı olub. Bu funksiya tövsiyələri sıfırlamaq, istənməyən və zərərli ola biləcək paylaşımların lentdə görünməsini azaltmaq üçün hazırlanıb. Bəzi istifadəçilər funksiyanı aktivləşdirdiklərini düşünsələr də, onların lentində heç nə dəyişməyib. Alətin tam işlək versiyasını alan istifadəçilərin tövsiyələri isə yenilənib.
        Məhkəmə sənədində iddia olunur ki, “TikTok” “Algo Refresh” funksiyasını tövsiyələri qalıcı şəkildə sıfırlayan alət kimi göstərib. Əslində isə dəyişiklik müvəqqəti olub. “Digital Well Being” üzrə məhsul meneceri də sınaqla bağlı şirkət daxilində narahatlığını dilə gətirib. Onun fikrincə, funksiyanın işləmədiyi plasebo qrupunun yaradılması alqoritmdə şəffaflıq və istifadəçi nəzarəti məqsədinə zidd idi. İddiaya görə, “TikTok” başqa təhlükəsizlik yeniləmələrini də bəzi istifadəçilərdən gizlədib.
        Belə sınaqlardan birində təhlükəsizlik funksiyası 15 milyon ABŞ istifadəçisindən gizlədilib. Sənəddə həmin qrupda daha sonra intihar edən bir yeniyetmənin də olduğu yazılıb. “TikTok” sözçüsü Nathaniel Brown deyib ki, şirkət məhsul və funksiyaların real şəraitdə necə işlədiyini anlamaq üçün onları mütəmadi sınaqdan keçirir. New York ştatının açdığı bu iş uşaqlarda asılılıq yaradan istifadənin təşviqi və təhlükəsizliklə bağlı yanlış məlumat iddialarına əsaslanır. Ştatların “TikTok”a qarşı açdığı belə işlərin sayı 24-dən çoxdur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...