Logo
    main-post-cover

    Threads-in aylıq istifadəçi kütləsi 350 milyonu keçib

    Sosial Media
    02.05.2025
    Emil
         Meta şirkətinə məxsus mikrobloq platforması Threads-in auditoriyası sürətlə artmaqda davam edir. Şirkətin 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələri ilə bağlı çərşənbə günü verdiyi açıqlamada baş direktor Mark Zuckerberg bildirib ki, Threads platformasının aylıq aktiv istifadəçi sayı 350 milyondan çoxdur - bu, əvvəlki rüblə müqayisədə 30 milyon nəfər artım deməkdir. Yeni məlumatlar Threads-in artım tempinin sürətləndiyini göstərir. Ötən rübdə platforma aylıq auditoriyasını 20 milyon nəfər artırmışdı. Diqqətəlayiq məqamlardan biri də odur ki, Threads təkcə 1 ay ərzində Bluesky platformasının ümumi istifadəçi sayına yaxın qədər yeni istifadəçi cəlb edib. Son məlumatlara əsasən, mərkəzləşdirilməmiş sosial şəbəkə olan Bluesky-nin təxminən 35 milyon istifadəçisi var.
         Bu arada X (keçmiş Twitter) sosial şəbəkəsinin baş direktoru Linda Yaccarino çərşənbə günü bildirib ki, platformanın aylıq aktiv istifadəçi sayı hazırda təxminən 600 milyon nəfərdir. Bu isə 2025-ci ilin yanvarında qeydə alınmış 586 milyon istifadəçi ilə müqayisədə cüzi bir artımdır. Threads-in auditoriyası hələlik Meta-nın digər sosial tətbiqləri - Facebook, Instagram, Messenger WhatsApp ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır, lakin onun sürətli artımı platformanın mikrobloq xidmətləri ekosistemində mövqeyini möhkəmləndirir. Meta-nın açıqlamasına görə, ümumilikdə gündəlik olaraq 3.4 milyarddan çox insan şirkətə məxsus tətbiqlərdən ən azı birini istifadə edir. Zuckerberg investorlarla görüşdə bildirib ki, Threads-in artım tempi onun şirkətin növbəti böyük sosial platformasına çevriləcəyini göstərir.
    Mənbə: Techcrunch
    Paylaş