Logo
    main-post-cover

    WhatsApp-dakı təhlükəsizlik ilə bağlı problemləri görməzdən gəldiyi səbəbilə Meta məhkəməyə verilib

         WhatsApp-ın keçmiş kibertəhlükəsizlik üzrə top-meneceri San-Fransisko federal məhkəməsinə ana şirkəti Meta-ya qarşı iddia qaldırıb. Məlumata görə, o, şirkəti təhlükəsizlik problemlərinə məhəl qoymamaqda və aşkar etdiyi pozuntular barədə məlumat verdikdən sonra ona qarşı cavab tədbirləri görməkdə ittiham edib. Attaullah Baig - 2021-2025-ci illərdə WhatsApp-ın təhlükəsizlik xidməti rəhbəri vəzifəsini icra edən şəxs - 115 səhifəlik iddia ərizəsində bildirib ki, daxili testlər zamanı təxminən 1500 WhatsApp mühəndisinin istifadəçi məlumatlarına, o cümlədən məxfi şəxsi məlumatlara məhdudiyyətsiz çıxışı olduğunu aşkar edib. Onun sözlərinə görə, əməkdaşlar bu məlumatları aşkarlanmadan və ya audit izi qoymadan köçürə və ya oğurlaya bilirdilər.
         Bu isə potensial olaraq federal qiymətli kağızlar qanunlarının, eləcə də Meta-nın ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə 2020-ci ildə imzaladığı məxfilik sazişi çərçivəsindəki hüquqi öhdəliklərinin pozulması deməkdir. Baig dəfələrlə şirkət rəhbərliyinə, o cümlədən WhatsApp rəhbəri Will Cathcart və Meta-nın baş direktoru Mark Zuckerberg-ə öz narahatlıqlarını bildirib, lakin pozuntuların aradan qaldırılması üçün lazımi tədbirlər görülməyib. Üstəlik, kibertəhlükəsizlik problemləri barədə ilk məlumatı açıqladıqdan 3 gün sonra o, şirkətdə öz işinə dair mənfi rəylər almağa başlayıb və bundan sonra rəhbərlik onu dəfələrlə zəif iş göstəricilərinə görə tənqid edib. Nəticədə, 2025-ci ilin fevral ayında Baig aşağı məhsuldarlıq səbəbi ilə şirkətin işçilərinin 5%-ni əhatə edən ixtisar dalğası çərçivəsində işdən azad edilib.
         O, məhkəmə prosesinə başlamazdan əvvəl ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) və ABŞ Əmək Nazirliyinin Əmək Təhlükəsizliyi və Sağlamlıq İdarəsi (OSHA) də daxil olmaqla federal tənzimləyici qurumlara şikayətlər təqdim edib. İddia ilə bağlı şərhində WhatsApp-ın kommunikasiyalar üzrə vitse-prezidenti Carl Woog AFP agentliyinə bildirib: “Təəssüf ki, bu, geniş yayılmış sxemdir: keçmiş əməkdaş zəif işinə görə işdən çıxarılır, sonra isə faktları təhrif edən və komandamızın gərgin əməyini yanlış göstərən bəyanatlar dərc edir”. Baig-in təqdim etdiyi iddiada vəzifəsinə bərpa olunması, əmək haqqının ödənilməsi və dəymiş ziyanın əvəzinin çıxılması, həmçinin şirkətə qarşı tənzimləyici qurumlar tərəfindən məcburi tədbirlərin tətbiq olunması tələb edilir.
    Paylaş