main-post-cover

    Apple şirkət daxilində baş dizayner vəzifəsini ləğv edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.02.2023
    Farid Pardashunas
        Uzun illər ərzində Apple şirkəti öz məhsullarında xarici görünüş faktorunu ən öndə gedən özəlliklərdən biri hesab edirdi. Baş dizayner vəzifəsi isə şirkətdə demək olar aparıcı vəzifələrdən biri idi. Buna görə də 2019-cu ildə Apple şirkətinin əfsanəvi dizayneri Jony Ive-ın bu vəzifədən ayrılması əsl səs-küyə səbəb olmuşdu. Apple-dan ayrıldıqdan sonra Jony Ive dizayn sahəsində Lovefrom adlı fərdi şirkətini təsis etdi və Apple ilk başlarda onun şirkəti ilə əməkdaşlıq edirdi. Lakin keçən il Apple sözügedən şirkət ilə əməkdaşlığı dayandırdı. İndi isə insayderlər bildiriblər ki, Apple-da bundan sonra ümumiyyətlə baş dizayner vəzifəsi mövcud olmayacaq. Jony Ive Apple-dan ayrıldıqdan sonra şirkətdə baş dizayner vəzifəsinə Evans Hankey keçdi.
        Lakin keçən il o da şirkətdən ayrıldı. Bloomberg saytının məşhur insayderi olan Mark Gurman-ın sözlərinə əsasən Apple uzun müddət ərzində Evans Hankey-nin davamçısının axtarışında olsa da, bu ideyadan imtina edib. Nəticədə şirkət ümumiyyətlə baş dizayner vəzifəsini ləğv edib. Bunun yerinə dizaynerlərdən ibarət komanda birbaşa Apple şirkətinin baş əməliyyat direktoru Jeff Williams-a tabe olacaq. Dizaynerlər komandasında baş dizayner vəzifəsinin ləğv edilməsinin şirkətin gələcək məhsullarına necə təsir edəcəyi bilinmir. Bunu sadəcə zaman göstərəcək. Lakin bəzi digər böyük və innovativ şirkətlərdə baş vermiş misallara nəzər salsaq, görərik ki, şirkət daxilində vacib işlərin menecerlər tərəfindən idarə edilməsi heç də həmişə uğura səbəb olmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər