
Avropa Birliyi Google şirkətinin reklam biznesini şirkətdən ayırmağı rəsmi şəkildə təklif edib
Startup və Biznes
16.06.2023
Emil
Avropa Komissiyası Google şirkətinə və onun reklam biznesinə qarşı rəsmi antimonopoliya şikayəti göndərib. Belə ki, Avropa Komissiyasının iddiasına əsasən Google rəqəmsal reklam bazarındakı dominant mövqeyindən sui-istifadə edir. Komissiyanın hesabatında qeyd edilib ki, əgər şirkət irəli sürülmüş ittihamlar üzrə günahlı hesab edilsə, onu öz biznesinin bir hissəsinin satılmasına məcbur etmək yeganə çıxış yolu ola bilər. Bu isə öz növbəsində şirkətin əsas gəlir mənbəyinə istiqamətlənmiş ciddi addım olacaq. Bununla yanaşı bu, nadir hallardan biridir ki, Avropa Birliyi aparılan istintaqın erkən mərhələsində satış prosesini təklif edir. Qeyd etmək lazımdır ki, Avropa Komissiyası daha öncəki 3 antimonopoliya işi ilə bağlı Google şirkətini cərimələyib. Öz ilkin istintaq nəticələrində Avropa Komissiyası iddia edir ki, Google minimum 2014-cü ildən başlayaraq öz elanlar birjası üçün ən yaxşı şərtləri formalaşdırmaq istiqamətində dominant mövqeyindən sui-istifadə edib.
Komissiya narahatdır ki, Google böyük ehtimal ilə özünün Google AdX adlı platformasının reklam sahəsindəki rolunu bərkitmək və öz xidmətləri üçün daha yüksək ödənişləri əldə etmək yolunda platformaya rəqabət üstünlükləri verib. İndi Google komissiyanın bu bəyanatına yazılı izah təqdim etmək imkanına sahib olacaq və ondan dinləmələrin keçirilməsini tələb edə biləcək. Daha sonra isə komissiya Google şirkətinin Avropa Birliyində aktual olan antimonopoliya qanunvericiliyini pozub-pozmadığına qərar verəcək. Şirkət tərəfindən qanun pozuntusunun olduğunun aşkar edildiyi halda Avropa Birliyi şirkəti onun qlobal satışlarının 10%-i miqdarında cərimələyə və onu biznesdə dəyişikliklərin edilməsinə məcbur edə bilər. Google şirkətinin qlobal reklam üzrə vitse-prezidenti Dan Taylor öz bəyanatında qeyd edib ki, şirkət Avropa Komissiyanın bəyanatı ilə razı deyil. Bununla yanaşı o bildirib ki, rəqəmsal reklam sahəsi yüksək rəqabətə sahib olan bir sahədir.
“Bizim reklam texnologiyalarımız veb saytlara və tətbiqlərə öz kontentlərinin monetizasiyasını reallaşdırmağa və müxtəlif miqyasda olan şirkətlərə yeni müştərilərin cəlb edilməsi imkanlarını verirlər. Avropa Komissiyasının istintaqı bizim reklam biznesimizin çox kiçik bir hissəsini əhatə edir. Biz, Avropa Komissiyasının fikri ilə razı deyilik və bu məsələyə müvafiq şəkildə reaksiya verəcəyik” - deyə Dan Taylor qeyd edib. Avropa Komissiyasının nəyə görə satış prosesini təklif etdiyi sualına komissiyanın rəqabət sahəsi üzrə siyasətindən cavabdeh olan rəsmisi Margrethe Vestager cavab olaraq bildirib ki, bu, Google şirkətinin reklam biznesində daimi olaraq mövcud olması ilə əlaqəlidir.
“Google bu zəncirin hər bir mərhələsində iştirak edir. Gördüyümüz kimi şirkət həm satıcılar həm də alıcılar tərəfdə dominant mövqeyə sahibdir. Bu, şirkətin öz reklam platformasının rifahı üçün edilir” - deyə Margrethe Vestager bildirib. Avropa Komissiyasının Google şirkətinin əleyhinə verə biləcəyi qərar şirkətin əsas gəlir mənbəyinə ciddi zərbə vura bilər. Google şirkəti bir çox məhsul ilə xidməti təklif etsə də, onun əsas gəlir mənbəyi kimi reklamlar təşkil edir. Bloomberg-in məlumatına əsasən 2022-ci ildə reklam biznesi şirkətə 225 milyard dollar gəlir gətirib. Qeyd etmək lazımdır ki, şirkətin reklam biznesi Avropa Birliyindən kənarda da araşdırılır. Belə ki, Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) şirkətin bu fəaliyyətini istintaq altına alıb. Onun fikrincə şirkətin fəaliyyət üsulları ədalətsiz şəkildə rəqibləri aradan qaldırır.
Paylaş
Bənzər xəbərlər