main-post-cover

    Elon Musk SpaceX əməkdaşlarına şirkətin iflas riski ilə qarşılaşa biləcəyini açıqlayıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    30.11.2021
    Farid Pardashunas
        Keçən həftənin sonunda Elon Musk SpaceX şirkətinin əməkdaşlarına elektron məktub göndərib və göndərilmiş elektron məktubun tərkibi heç də ürəkaçan olmayıb. Belə ki, göndərilmiş məktuba əsasən əgər gələn il Starship kosmik gəmisinin kommersiya məqsədli uçuşları hər 2 həftədən bir reallaşdırılmasa, şirkət iflas riski ilə qarşılaşa bilər. Elon Musk bu cür problemdən yan keçmək üçün şirkət əməkdaşlarını bütün güclərini sərf etməyə çağırıb. Musk-ın özü isə Şükran günü üçün planlaşdırılmış məzuniyyətdən imtina edib və keçən həftənin cümə günündən Raptor mühərriklərinin istehsal olunduğu zavodda gecələyir. “Təəssüflər olsun ki, Raptor mühərriklərinin istehsalındakı böhran bir neçə həftə əvvəl düşünüldüyündən daha bərbaddır. Əvvəlki rəhbərliyin ayrılmasından sonra yaranmış problemlərin analizi çərçivəsində biz aşkar etdik ki, mövcud problemlər əvvəl düşünüldüyündən daha ciddidir - deyə məktubda qeyd edilib.
        Çox güman ki, söhbət, Will Heltsley adlı şəxsin şirkətdən ayrılmasından gedir Bu şəxs SpaceX-də mühərrik qurğuları üzrə vitse-prezident vəzifəsində çalışırdı. CNBC-nin verdiyi məlumata əsasən Heltsley keçən həftə SpaceX-dən ayrılıb. Əsas səbəb isə raketlər üçün nəzərdə tutulmuş Raptor mühərriklərinin istehsalında inkişafın olmamasıdır. Starship kosmik gəmisinin hər 2 həftədən bir kommersiya uçuşlarında iştirakı inanılmaz iddialı məqsəddir. Qeyd etmək lazımdır ki, bu kosmik gəminin hələ heç bir prototipinin orbital uçuşu da reallaşdırılmayıb.
        Orbital uçuş bu ilin yay fəsli üçün planlaşdırılırdı. Lakin daha sonra bu təcrübə 2022-ci ilə təxirə salındı. Musk ümid edir ki, SN20 adlı prototipin orbital uçuşu gələn ilin əvvəlində reallaşdırılacaq. Lakin Raptor mühərrikləri gələcək kosmik gəminin yeganə problemi deyil. Mövcud olan videolardan görmək olar ki, hətta mühərriklərin statik vəziyyətdə işə düşmələri zamanı termoqoruyucu örtüklər kosmik gəminin gövdəsindən ayrılırlar. Görünür, termoqoruyucu örtüklərin kosmik gəmi gövdəsinə bərkidilməsi texnologiyası yetəri səviyyədə təkmilləşdirilməyib və bu məsələdə praktik cəhətdən yoxlanılmış material da yoxdur.

    İdeal vəziyyətdə SN20 adlı prototipin ilk orbital uçuşu və daha sonra onun atmosferə daxil olması, uyğun termoqoruyucu örtüyün və onun kosmik gəmi gövdəsinə bərkidilmə texnologiyasının seçilməsində yardımçı olacaq.

        Digər tərəfdən ilk orbital uçuş zamanı bütün məlumatların əldə olunması da çox optimistik yanaşmadır. Bəzi mənbələrin fikirlərinə əsasən SN20-nin atmosferə daxil olmasından sonra salamat qalacaq tək şey qara qutu olacaq. Lakin məlumatlar hətta qara qutuda salamat qalsalar, bu artıq uğurlu nailiyyət hesab ediləcək. Musk-ın Starship proqramı üzrə testlərə bütün əvvəlki yanaşmaları həddindən artıq xərclərin olmasına nümunədir. Söhbət, nəticədə prototiplərin məhv edilmələrinə yönəlik aparılan testlərdən gedir. Bu öz növbəsində çox bahalı yanaşmadır. Lakin digər tərəfdən bu cür üsul vasitəsilə qısa zamanda texnoloji imkanların təyin edilməsi mümkün olur.

    Şirkətin real iflas riski məsələsinə gəldikdə isə, bəzi mənbələrin fikirlərinə əsasən ona tam ciddi yanaşmaq lazım deyil. Belə ki, SpaceX lazımi sayda hərbi və mülki müqavilələrə sahibdir.

        Onların arasında həmçinin NASA ilə bağlı bəzi müqavilələr də var. buna görə də əgər gələn ilin sonuna kimi Starship-in orbital uçuşu reallaşmasa belə SpaceX-in iflasını gözləmək lazım deyil. Musk-ın fikrincə Starlink peyk interneti layihəsinin kommersiya uğuru Starship-in kommersiya məqsədli istifadəsindən asılıdır. Şirkət Starlink V2 adlı daha təkmilləşdirilmiş peyklərin Yer kürəsinin orbitinə yerləşdirməsini planlaşdırır. Buna isə Starship-siz nail olmaq mümkün olmayacaq. Bütün bunları nəzərə almaqla qeyd etmək olar ki, yeni ildə SpaceX-i çətin zamanlar gözləyir. Musk üçün isə bu, dayanıqlı olmaq üçün daha bir şansdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər