main-post-cover

    Elon Musk Twitter əsasında WeChat-a bənzər supertətbiq yaratmağı planlaşdırır

    Startup və Biznes
    06.10.2022
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə məlum oldu ki, Elon Musk yenidən Twitter-i 44 milyard dollara almaq həvəsinə düşüb. Verilmiş məlumata əsasən Musk-ın Twitter barəsində irimiqyaslı planları mövcuddur. Belə ki, o, Twitter əsasında məşhur WeChat-a bənzər supertətbiq yaratmaq niyyətindədir. Hal hazırda Musk-ın dəqiq şəkildə Twitter-i alacağı təsdiqlənməyib. Qeyd etmək lazımdır ki, aprel ayında Musk sözügedən sosial şəbəkəni alacağını elan edəndən bir müddət sonra bu fikirdən imtina etmişdi. Belə ki, o, Twitter-də mövcud olan fake istifadəçi hesablarının ümumi faiz göstəricisini öyrənmək istəyirdi və Twitter tərəfindən bu mövzuda təqdim edilmiş məlumatlar onu qane etməmişdi.
        Nəticədə Twitter məhkəməyə müraciət edərək Musk-ı sosial şəbəkəni məcbur şəkildə almağa sövq etməyi hədəflədi. Bir neçə gün bundan öncə isə məlum oldu ki, Musk-ın nümayəndələri sosial şəbəkənin nümayəndələrinə məktub göndəriblər və həmin məktubda Musk-ın Twitter-i almağa hazır olduğu qeyd edilib. Bunun olacağı halda Musk dünyanın ən nüfuzlu media platformalarından birinin sahibinə çevriləcək. Hələ bir neçə müddət bundan öncə o öz Twitter hesabında qeyd etmişdi ki, sosial şəbəkənin alınması onun “hər şey üçün nəzərdə tutulmuş tətbiq” layihəsinin reallaşdırılması prosesini sürətləndirəcək. Həmin qısa tweet-dən sonra Musk heç bir əlavə məlumat vermədi.
        Lakin çox güman ki, söhbət, WeChat-a bənzəyən irimiqyaslı layihədən gedir. Musk dəfələrlə Çinin Tencent şirkətinə məxsus olan WeChat tətbiqindən necə heyran qaldığını söyləyib. Belə ki, Tencent faktiki olaraq WeChat messenceri daxilində kiçik internet yaradıb və milyarda yaxın çinli gün ərzində ondan istifadə edir. Bundan əlavə olaraq Musk bir neçə qeyd edib ki, Twitter WeChat və TikTok-a bənzəyərək daha çox fayda verə bilər. Bloomberg saytının fikrincə Musk WeChat-ı digərlərindən fərqləndirən 5 əsas faktora istinadən öz layihəsini işə salmaq istəyir. Həmin faktorlar aşağıdakılardır:
    - WeChat adi sosial şəbəkədən daha artıq olan bir tətbiqdir. Yüz milyonlarla insan gün ərzində WeChat-dan istifadə edərək taksi və yemək sifariş edir, restoranlarda yerlərin bronlaşdırılmasını reallaşdırırlar. Bütün bunlar WeChat daxilində olan kiçik tətbiqlər vasitəsilə həyata keçir. Həmin kiçik tətbiqlər isə vahid interfeysə qoşulu olurlar
    - WeChat Çində ən böyük ödəniş və maliyyə sistemlərindən biri olan fintech nəhəngidir. İnsanlar WeChat vasitəsilə məhsulların və xidmətlərin ödənişlərini edir, bir-birilərinə pul vəsaitləri göndərir və hətta kredit də götürürlər
    - WeChat Çinin ən məşhur xəbər və əyləncə portallarından biridir
    - Bu çox güclü biznes platformadır. WeChat daxilində reallaşdırılmış kiçik tətbiqlərin iqtisadiyyatı 2021-ci ildə 240 milyard dollarlıq dövriyyəyə çatmışdı
    - WeChat özündə Facebook, Instagram, Twitter, Uber Substack platformalarının imkanlarını birləşdirən universal servisdir.
    Nəticədə Musk-ın WeChat-a bənzər supertətbiq yaradıb-yaratmayacağını zaman göstərəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər