Startap üçün vəsait axtarırsınız? Elon Musk-ın təcrübələrinə yönəlin

30.03.2018 0 PAYLAŞIM 1146 OXUNMA

    SpaceX və Tesla şirkətlərinin təsisçisi Elon Musk-dan çoxlu sayda faydalı özəlliklər öyrənmək olar. Əsasən də onun investorlarda yaxşı təəssürat yarada bilmək bacarığını. Elə isə sizlərə Musk-ın təcrübəsindən əldə edə biləcəyiniz 3 faktoru təqdim edirik.

İnvestorları öz məqsədyönlülüyünüzə inandırın:

1995-ci ildə dünyanın vençur fondunun həcmi 8 milyard dollardan bir qədər çox idi. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il bu göstərici 155 milyard dollar təşkil etmişdi. Həmin heç də uğurlu olmamış bir vaxtda Musk öz ilk startap layihəsi olmuş Global Link Information-u (sonradan adı Zip2-ya dəyişildi) yaratmışdı. Sözügedən layihə San Fransisko ərazisinin şirkətləri üçün biznes kataloqu qismində çıxış edirdi. Musk haqqında bioqrafik kitabın (“Elon Musk: Tesla, SpaceX, and the Quest for a Fantastic Future”) müəllifi Ashlee Vance-ın sözlərinə əsasən Musk öz biznesinə kiçik məbləğlə start vermişdi.

    İlk aylarda Musk, onun qardaşı Kimbal və kiçik satış komandası müxtəlif şirkətləri gəzərək öz layihələri haqqında məlumat verirdilər. Həmin vaxtda Elon-un investorlar seçimi, təcrübəsi və əlaqələri yox idi. O yalnız bir əsas faktora sahib idi: İşinə və məqsədyönlülüyünə olan sevgisi. Maliyyələşmənin olmadığından Elon və onun qardaşı maksimal dərəcədə qənaətcil yaşayırdılar. Onlar ofisdə qurulmuş döşəkçələrin üzərində yatır, çimmək üçün isə “Gənc Xristianlılar Assosiasiyası”nın yerli şöbəsinə baş çəkirdilər. İnvestorları yola gətrmək üçün Elon və Kimbal çox hiyləgər bir fənd fikirləşdilər.

Onlar daxilində Zip2-nun serverinin yerləşdiyi qeyri-adi kompüter korpusu hazırlayaraq onu təkərli bir qurğunun üzərinə qoymuşdular. Beləliklə görünüşcə o, kiçik superkompüterə bənzəyirdi. Bu hiyləgər fənd və qardaşların sürdükləri sadə həyat tərzi isə onlara tez bir zamanda gəlirli olmağa imkan yaratdı. Daha sonra onlar mələk investorlardan ibarət kiçik qrupdan müəyyən miqdarda maliyyə əldə edə bildilər. Bundan sonra isə Mohr Davidow Ventures adlı investisiya fondu onların layihəsinə 3 milyon dollar investisiya yatırdı. Nəticədə isə Compaq şirkəti Zip2 startapını 307 milyon dollara aldı. Musk-ın öz işinə və məqsədyönlülüyünə olan sevgisi təkcə qeyri-adi hiyləgər fəndlər və ofisdə gecələməklə məhdudlaşmırdı.

    Belə ki, o, Zip2-nun satışından qazanmış olduğu 22 milyon dollar vəsaiti elit avtomobillərə və evlərə xərcləməyə başlamadı. Musk riskə gedərək öz vəsaitlərini X.com adlı (sonradan şirkətin adı PayPal-a dəyişdirildi) yeni şirkətin yaradılmasına yatırdı. PayPal-ın eBay-a satılması isə Musk-a 180 milyon dollar gəlir gətirdi. O, həmin gəlirləri SpaceX, Tesla və SolarCity şirkətlərinin yaradılmasına xərclədi.

    Elon Musk-ın ilk biznesinin tarixçəsi onu göstərir ki, o, perspektivə çalışan bir sahibkardır. Əgər o, şirkət üçün çalışırsa deməli özünü bütövlüklə işə verir. O, şirkətə bütün gücünü və vəsaitini qoyur. İnvestorlar üçün isə bu cür məqsədyönlü və çox çalışan sahibkara imtina etmək çətindir. Təbii ki, öz şirkətiniz barəsində nə dərəcədə çox fikirləşdiyinizi sübut etmək üçün ofisdə gecələməyə ehtiyac yoxdur. Sadəcə olaraq öz işinizlə necə yaşadığınızı və öz ideyanızın həyata keçməsi uğrunda hər şeyə hazır olduğunuzu göstərin.

İdarəetməni tez bir zamanda başqasına yönəltməyin:

 Acı reallıq ondan ibarətdir ki, startapların yalnız kiçik bir hissəsi kənar investorlar olmadan milyardlarla dollar qiymətləndirməyə malik olurlar. Bu faktdan daha bir problem ortaya çıxır: Payın azalması və şirkətdə idarəetmənin itirilməsi. Bir çoxları bu hakimiyyəti investorlar, startap təsisçiləri və onun rəhbərliyi arasındakı etibarlı münasibət hesabına qoruyub saxlaya bilirlər. Facebook-un IPO öncəsi Mark Zuckerberg-in 28.4% səhmə sahib olması faktı bunun bariz nümunəsidir.

    Lakin bəzən olur ki, startap təsisçiləri tez bir zamanda hakimiyyəti itirirlər və daha təcrübəli vençur investorların qarşısında gücsüz qalırlar. Elon Musk öz karyerasının ilk vaxtlarında bu cür problemlə qarşılaşıb. Musk-ın Zip2-dakı karyerası çox tez və qəmgin bitdi. İlk investisiya raundu nəticəsində onun şirkətdəki payı çox azalmışdı. Buna görə də o, direktorlar şurasının şirkətin CEO vəzifəsinə digər şəxsin təyin olunması qərarına təsir göstərə bilmədi.

Elon-un özü isə şirkətin texniki direktoru oldu. Bəli o hələ də şirkətin rəhbərlik heyətinə daxil idi. Lakin o, hakimiyyətin olmamasına və şirkətin yeni baş direktorunun rəhbərlik siyasətinə dözə bilmirdi. Bu cür vəziyyət Musk-ın X.com adlı ikinci startapında da baş vermişdi. Şirkətin öz rəqibi Confinity ilə birləşməsindən sonra Elon yaranmış yeni PayPal şirkətinin baş direktoru olmuşdu. Təəssüflər olsun ki, PayPal-ın istifadə etmiş olduğu texnologiya uğrunda mübarizə nəticəsində Elon baş direktor vəzifəsindən azad edilmişdir.

    Bu hər iki hal Musk-ın sonrakı qərarlarına ciddi təsir etdi. İndi o, şirkətdə son sözün onda olması üçün yeni işə maksimum dərəcədə daha çox vəsait yatırmağı üstün tutur. Nəticə göz qabağındadır: İnvestisiya cəlb etməklə məşğul olmazdan əvvəl öz payınızı ayırmağı unutmayın (əsasən də əgər siz işə yenicə başlamış sahibkarsınızsa). Əgər sizin şirkətinizin missiyası sizi həqiqətən də narahat edirsə onda elə edin ki, gələcəkdə həmin missiyanı inkişaf etdirə biləsiniz. Əgər sizin sözünüzün şirkətdə bir əhəmiyyəti yoxdursa buna nail olmaq çox çətin olacaq.

İxtiraçı və fərasətli olun:

    Elon Musk istənilən vəziyyəti öz xeyrinə çevirməyi bacarır. Bunun əsas səbəbi isə onun ixtiraçı olmasındadır. Gəlin onun bir neçə müddət əvvəl istifadəyə verdiyi The Boring Company layihəsi misalında bu faktoru gözdən keçirdək. Elon Musk bu şirkəti öz vəsaitləri hesabına yaratdı. Lakin yeraltı tunellərin yaradılması üçün ona daha çox vəsait lazım olacaq. Lazımi vəsaiti yığmaq üçün Musk qiyməti 500$ olan odpüskürənlərin satışına start verdi. Bu üsulla bir neçə gün ərzində o, 10 milyon dollardan çox vəsait əldə etdi. İnvestorlarda pul axtarışına vaxt sərf etmək yerinə o öz startapı üçün əlavə vəsaiti personal brendin hesabına yığdı.

    Texnoloji sahədə ixtiraçılıq özəlliyi bütün uğurlu sahibkarlarda var. Buna misal olaraq Airbnb-nin yaradıcılarını gətirmək olar. Onların layihələri iflasın astanasında olan bir vaxtda onlar 2008-ci ildəki prezident seçkilərinə həsr olunmuş brend qablaşdırmada çərəz satmağa başladılar. Bu cür piar kampaniyasının hesabına onlar şirkətin ömrünü uzada (hal-hazırda Airbnb 31 milyard dollar dəyərində qiymətləndirilir) və nəticədə ABŞ-ın məşhur Y Combinator adlı akselerasiya mərkəzinə daxil ola bildilər. Y Combinator-un təsisçilərindən biri olan Paul Graham: “Əgər siz qiyməti 4 dollar olan çərəz qutusunu 40 dollara almağa insanları məcbur edə bilirsinizsə, deməli onları başqalarının döşəkçələrində yatmağa da məcbur edə bilərsiniz”.

Mənbə: www.Entrepreneur.com