main-post-cover

    ABŞ termonüvə sintezi zamanı böyük həcmdə enerjinin əldə olunduğunu təsdiqləyib (VİDEO)

    Süni İntellekt
    14.12.2022
    Farid Pardashunas
        Dünən xəbər ortaya çıxmışdı ki, amerikalı alimlər termonüvə energetikası sahəsində inqilabi nailiyyətə imza atıblar. Məlumatda qeyd edilmişdi ki, alimlər termonüvə sintezi zamanı onun işə salınması üçün sərf edilmiş enerji miqdarından daha çoxunu əldə etməyi bacarıblar. İndi isə ABŞ-ın Energetika Nazirliyi bu xəbəri rəsmi şəkildə təsdiqləyib. Rəsmi məlumatda qeyd edilib ki, Livermor Milli Laboratoriyasının mütəxəssisləri həqiqətən də termonüvə alovlanmasına nail ola biliblər. Bu, termonüvə sintezinin özü-özünü dəstəkləyən reaksiyasıdır və bu reaksiya çərçivəsində termonüvə sintezinin işə salınması üçün sərf edilmiş enerjidən daha çox enerji əldə edilir. Onilliklər ərzində termonüvə sintezi üzrə aparılmış müxtəlif təcrübələr çərçivəsində heç kim bu cür nailiyyəti əldə edə bilməmişdi. İndiyənə kimi aparılmış təcrübələr çərçivəsində termonüvə sintezinin işə salınması üçün sərf edilmiş enerjini yalnız kompensasiya edə bilən miqdarda enerji əldə edilib.
        Lakin amerikalı alimlər termonüvə energetikası sahəsində bu cür inqilabi nailiyyəti əldə edə bildilər. Qeyd etmək lazımdır ki, 5 dekabr tarixində reallaşdırılmış təcrübə Livermor Milli Laboratoriyasına məxsus olan National Ignition Facility (NIF) kompleksində keçirilib. Təcrübə çərçivəsində özündə 192 ədəd lazeri birləşdirən dünyanın ən böyük lazer qurğusu yanacaq ilə dolu olan kiçik ölçülü kapsula 2.5 MC (meqacoul) enerji ötürərək onu qızdırıb. Nəticədə alimlər termonüvə sintezi reaksiyası nəticəsində 3.15 MC enerji əldə edə biliblər. Yəni alimlər termonüvə sintezinin reallaşdırılması üçün sərf edilmiş enerjidən 1.5 dəfə daha çox enerji əldə ediblər. Termonüvə sintezi iki yüngül atom nüvəsinin bir vahid ağır nüvədə birləşməsi reaksiyasıdır. Bu reaksiya zamanı böyük həcmdə enerji yaranır. Bu proses həmçinin ulduzlarda da baş verir.
    Termonüvə sintezinin reallaşdırıldığı qurğunun bir hissəsi:
        Hələ keçən əsrin 60-cı illərində alimlər güman etmişdilər ki, sintez reaksiyasının işə salınması üçün lazerlərdən istifadə etmək olar. Onlar düşünürdülər ki, sintez reaksiyasının işə salınması üçün lazerlər vasitəsilə yüksək təzyiq ilə temperatur vəziyyətini yaratmaq olar. Nəticədə bu üsul ətalət saxlanmasına sahib idarəolunan termonüvə sintezi adını əldə etdi və illər sonra onu laboratoriya şəraitində reallaşdırmaq mümkün olub. Termonüvə sintezi reaksiyasını reallaşdırmaq üçün yanacaq ilə dolu olan kiçik ölçülü kapsul xüsusi kamera daxilinə yerləşdirilib. Xüsusi kameranın divarları isə lazer şüalarını rentgen şüalarına çevirmə bacarığına sahibdirlər. Nəticədə rentgen şüaları yanacağı partlama səviyyəsinə kimi sıxır. Partlama nəticəsində yüksək təzyiqə və temperatura sahib plazma əmələ gəlir. Termonüvə energetikasının adi energetika səviyyəsinə çatması üçün illərlə zaman lazımdır. Lakin bununla belə ilk uğrulu termonüvə reaksiyası bu yolda atılan böyük bir addımdır. Termonüvə enerjisi ənənəvi yanacaq növlərini və atom elektrostansiyalarını əvəz edə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər