Logo
    ABŞ və Çin ciddi AI hadisələri üçün məlumat mübadiləsi sistemi qurur

    ABŞ və Çin ciddi AI hadisələri üçün məlumat mübadiləsi sistemi qurur

        ABŞ və Çin rəsmiləri milli təhlükəsizliyə təhdid yaradan AI insidentləri barədə bir-birinə məlumat vermək üçün sistem hazırlamağa başlayıblar. Söhbət süni intellektlə (AI) bağlı ciddi təhlükəsizlik hadisələrindən gedir. “ABŞ və Çin arasında AI dialoqu” adlı plan tərəflərin yenidən görüşməsi, ortaq məqsədləri və təhlükələri razılaşdırması üçündür. ABŞ-nin maliyyə naziri Skott Bessent bunu dünyanın 2 aparıcı AI gücü arasında şəffaflığın artırılması üçün vacib sayır.
    ABŞ və Çin ciddi AI hadisələri üçün məlumat mübadiləsi sistemi qurur
        Danışıqlar ABŞ Prezidenti Donald Trampın mayda Pekinə səfərindən sonra yarımçıq qalan müzakirələrin davamıdır. O vaxtdan bəri süni intellektin ictimai təhlükəsizliyə təsiri ilə bağlı narahatlıq artıb. Yayda “OpenAI” şirkətinin AI agentləri “Hugging Face” platformasını sındırıb. Hadisə ən qabaqcıl modellərin nəyə qadir olduğunu göstərib, təhlükəsizlik tədbirlərinin isə bu inkişaf sürətindən geri qaldığını üzə çıxarıb.
        Bu ayın əvvəlində “Anthropic” əməkdaşları süni intellektin bəşəriyyəti məhv edə biləcəyi barədə xəbərdarlıq ediblər. Son həftələrdə “OpenAI” rəhbəri Sam Altman, “Anthropic” rəhbəri Dario Amodei və İlon Mask təhlükəsizlik standartları hazırlananadək texnologiyanın inkişafını yavaşlatmağa çağırıblar. Amodei hökumətlər, o cümlədən Çin Kommunist Partiyası arasında beynəlxalq əməkdaşlıq qurulmasını istəyib.
        Donald Tramp sektora nəzarətlə bağlı hər 2 partiyanın dəstəyi artsa da, bu çağırışları əsasən qəbul etməyib. Administrasiyaya görə, qüvvədə olan cinayət qanunları və tənzimləmə qaydaları AI hazırlayan şirkətlərə nəzarət etmək üçün kifayətdir. Tramp düşünür ki, inkişafın yavaşıması texnoloji üstünlüyü Çinə verə bilər. Onun elm üzrə baş müşaviri Devid Saks da Çinin qlobal razılaşmaya qoşulacağına şübhə edir.
        “Nvidia” şirkətinin baş direktoru Censen Huanq xatırladıb ki, kibertəhlükəsizlik və vurulan zərərə görə məsuliyyət qanunları AI şirkətlərinə artıq tətbiq olunur. O, yeni qaydalar qəbul edilməzdən əvvəl qüvvədə olan qanunların işlədilməsini istəyir. “Nvidia” bu yaxınlarda “Hugging Face” platformasını almağa razılaşıb. Platformanın həmtəsisçisi Tomas Volf deyib ki, Vaşinqton bir tərəfdən öz üstünlüyünü artırmağa çalışdığı halda qlobal əməkdaşlıq qurmaq çətin olacaq.
        Vaşinqton qabaqcıl çiplərin və onların istehsalında işlədilən texnologiyaların Çinə ixracını məhdudlaşdırıb. Məqsəd ölkənin AI sahəsində irəliləyişini ləngitməkdir. Bessent deyib ki, həftəsonu keçirilən görüşlərdə bu ixrac məhdudiyyətləri müzakirə edilməyib. Ticarət məsələlərinin də danışıldığı görüşləri uğurlu adlandıran nazir onların Çin Prezidenti Si Cinpinin bu həftə Vaşinqtona səfərindən əvvəl keçirildiyini açıqlayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...