
Amazon süni zəka agenti Nova Act-ı təqdim edib
Süni İntellekt
01.04.2025
Emil
Amazon universal süni zəka agenti olan Nova Act-ı təqdim edib. Bu süni zəka agenti veb-brauzeri idarə edə və bəzi sadə əməliyyatları müstəqil şəkildə yerinə yetirə bilir. Gələcəkdə Nova Act Amazon-un yenilənmiş səsli köməkçisi Alexa+-ın bütün funksiyalarını dəstəkləyəcək. Agentlə yanaşı, şirkət Nova Act SDK adlı alətlər toplusunu da təqdim edib ki, bu da tərtibatçılara öz süni zəka agenti prototiplərini yaratmağa imkan verir. Nova Act, Amazon-un AGI laboratoriyası tərəfindən hazırlanıb. Bu laboratoriyaya OpenAI-nin keçmiş tədqiqatçıları David Luan və Pieter Abbeel rəhbərlik edirlər.

Amazon süni zəka agentinin təqdimatını “tədqiqat xarakterli ilkin baxış” adlandırır. Tərtibatçılar artıq nova.amazon.com adlı xüsusi platforma üzərindən Nova Act alətlər toplusuna çıxış əldə edə bilərlər. Həmin platforma həmçinin Amazon-un müxtəlif Nova Foundation modelləri üçün bir növ “vitrin” funksiyası da daşıyır. Nova Act - Amazon-un OpenAI Operator və Anthropic Computer Use layihələrinə rəqib olaraq ümumi məqsədli süni zəka agentləri texnologiyası ilə bağlı təşəbbüsüdür. Süni zəka sahəsinin bir çox aparıcı şəxsləri hesab edirlər ki, istifadəçilərin tapşırıqları əsasında interneti araşdıra bilən süni zəka agentləri, çat-botların funksionallığını əhəmiyyətli dərəcədə artıracaq.
Amazon ümid edir ki, Alexa+-ın geniş yayılması yeni agentin də böyük auditoriyaya çatmasını təmin edəcək. Nova Act SDK istifadə edən tərtibatçılar istifadəçilər adından məhsul sifarişi vermək və ya restoranda masa bron etmək kimi əsas əməliyyatları avtomatlaşdıra biləcəklər. Nova Act vasitəsilə tərtibatçılar süni zəka agentinin veb-səhifələrdə hərəkət etməsinə, formaları doldurmasına və ya təqvimdə tarixlər seçməsinə imkan verən alətləri birləşdirə bilərlər. Amazon-un məlumatına görə, Nova Act şirkətin daxili testlərinin bir neçəsində OpenAI və Anthropic agentlərini üstələyib.

Məsələn, agentin ekrandakı mətnlə necə qarşılıqlı əlaqə qurduğunu ölçən ScreenSpot Web Text testində Nova Act 94% nəticə göstərib və bu, OpenAI-nin CUA modelini (88%) və Anthropic-in Claude 3.7 Sonnet modelini (90%) geridə qoyub. Ekspertlərin fikrincə, OpenAI, Google və Anthropic tərəfindən bir neçə müddət öncə təqdim edilmiş süni zəka agentlərinin əsas problemi onların aşağı etibarlılığıdır. Bir çox testlərdə bu agentlər ləng işləyir, müstəqil qərar verməkdə çətinlik çəkir və insanın yol verməyəcəyi səhvlərə meylli olurlar. Amazon-un öz məhsulunu bu çatışmazlıqlardan azad edə bilib-bilməməsi isə yaxın zamanda bilinəcək.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
