Anthropic-in Mythos və Fable AI modelləri yenidən istifadəyə açılır
Süni İntellekt
01.07.2026
Sevinj
ABŞ Ticarət Nazirliyi Anthropic şirkətinin yeni nəsil süni intellekt modelləri olan Mythos 5 və Fable 5 üzərində tətbiq edilən ixrac məhdudiyyətlərini aradan qaldırıb. Şirkət açıqlayıb ki, modellərə giriş mərhələli şəkildə iyulun 1-dən etibarən bərpa olunacaq.
Bir neçə həftə əvvəl ABŞ hökuməti Anthropic-dən yeni AI modellərinə xarici vətəndaşların girişini dayandırmağı tələb etmişdi. Tələblər o qədər sərt idi ki, ABŞ-də yaşayan və şirkətdə çalışan xarici əməkdaşlar da bu məhdudiyyətlərə daxil edilmişdi. Buna görə Anthropic qaydalara əməl etmək məqsədilə həm Mythos 5, həm də Fable 5 modellərinə qlobal girişi tamamilə dayandırmışdı.
Ötən həftə şirkətə müəyyən istisna verildi və ABŞ-nin kritik infrastrukturunu qoruyan təxminən 100 təşkilat Project Glasswing proqramı çərçivəsində Mythos 5 modelindən yenidən istifadə etməyə başladı. Lakin Fable 5-in gələcəyi ilə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalırdı. Məsələyə aydınlıq gətirən ABŞ Ticarət Nazirliyinin rəhbəri Howard Lutnick Anthropic-ə göndərdiyi məktubda bildirib ki, şirkət modellərlə bağlı təhlükəsizlik risklərini əvvəlcədən aşkar etmək və aradan qaldırmaq öhdəliyi götürdüyü üçün Fable 5 üzərindəki məhdudiyyətlər də ləğv edilir.
Məhdudiyyətlərin tətbiq edilməsinə səbəb isə Amazon və digər texnologiya şirkətlərinin hökumətə göndərdiyi xəbərdarlıqlar olub. Şirkətlər iddia edirdilər ki, modellər müəyyən təhlükəsizlik boşluqları səbəbindən "jailbreak" hücumlarına məruz qala və kibercinayətkarlar tərəfindən sui-istifadə edilə bilər. Anthropic isə daha əvvəl verdiyi açıqlamada modellərinin təhlükəsiz istifadəsi üçün çoxsaylı qoruma mexanizmləri tətbiq etdiyini və onların zərərli məqsədlərlə istifadəsinin qarşısını almaq üçün əlavə tədbirlər gördüyünü bildirmişdi.
Paylaş