Apple Logic Pro üçün 49,99 dollarlıq əlavə süni intellekt limiti satır
Süni İntellekt
09.11.2026
“Apple” bəzi süni intellekt funksiyalarından daha çox istifadə etmək istəyənlər üçün ilk ödənişli paketini satışa çıxarıb. Seçim “Logic Pro” proqramının son yeniləməsində açılıb. İndiyədək “Apple Intelligence” funksiyalarının hamısı uyğun cihazlarda pulsuz idi. İndi əlavə limit almaq üçün birdəfəlik 49,99 dollar (təxminən 85 manat) ödəmək lazımdır.
“Logic Pro” istifadəçiləri menyuda “Intelligence Features”, sonra isə “Show Usage” bölməsini açaraq qalan limiti görə bilərlər. Əsas limit bitdikdə “Buy More Usage” düyməsindən əlavə paket almaq olur. Bu, aylıq abunə deyil və hazırda yalnız 1 ödəniş seçimi var. Əlavə paketdəki limit yalnız proqramın aylıq əsas limiti bitəndən sonra işlənməyə başlayır.
İstifadə edilməyən əlavə limit növbəti aylara keçir. Ancaq qalıq limit paketin alındığı tarixdən 12 ay sonra silinir. Paketi “Family Sharing” ilə ailə üzvləri arasında paylaşmaq olmur. Ondan yalnız alış zamanı “iCloud” hesabına bağlı olan “Apple Account” ilə yararlanmaq olar.
Hazırda əlavə süni intellekt limiti yalnız “Logic Pro”da satılır. Noyabrda “Apple Creator Studio” üçün elan olunan yeniləmələr çıxdıqdan sonra bu seçimin “Final Cut Pro”, “Pixelmator Pro” və “iWork” proqramlarına da əlavə ediləcəyi gözlənilir. Hələlik paketlər yalnız “Creator Studio” proqramları üçündür. “Siri”, “Image Playground” və “Photos” kimi internet serverlərinə qoşularaq işləyən süni intellekt funksiyaları üçün oxşar ödəniş modeli hələ rəsmən açıqlanmayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...