Logo
    Architect Labs AI ilə hazırlanmış CPU arxitekturasını təqdim etdi

    Architect Labs AI ilə hazırlanmış CPU arxitekturasını təqdim etdi

        “Architect Labs” süni intellekt agentlərinin sıfırdan “Frostbite” adlı, müxtəlif işlər üçün yararlı CPU arxitekturası hazırladığını açıqlayıb. Şirkətin sözlərinə görə, agentlər prosessorun əmrlər toplusunu yaradıb, layihəni qurub və yoxlayıblar. Ancaq nəticələr 7 nm texnologiyası əsasında aparılan simulyasiyadan alınıb. Prosessor hələ fiziki çip kimi istehsal edilməyib.
    Architect Labs AI ilə hazırlanmış CPU arxitekturasını təqdim etdi
        “Frostbite” proqramları 1990-cı ildən tanınan “interaction nets” hesablama modelinə çevirir. Bu modeldə proqram qovşaqlardan ibarət sxem kimi işləyir, hesablamalar da bir-birinə bağlı qovşaqların yenilənməsi ilə aparılır. Əməliyyatlar bir-birinə mane olmadığından onların çoxunu eyni vaxtda icra etmək olur. Hər məlumat yalnız 1 dəfə işlədilir. Buna görə böyük ortaq keş yaddaşı əvəzinə kiçik yerli yaddaşlar kifayət edir.
        Sınaqda 4 hesablama plitəsi və 4 L3 qovşağından ibarət “Frostbite” klasteri adı açıqlanmayan ənənəvi CPU nüvəsi ilə müqayisə olunub. Sistem 25 iş yükünün ortalamasında 4,59 dəfə yüksək enerji səmərəliliyi göstərib. Çipdə tutduğu sahəyə görə məhsuldarlıq 8,77 dəfə yüksək olub. Ən yaxşı nəticə 23,12 dəfə, ən zəif nəticə 1,15 dəfə olub. Tam çip 16 plitədən ibarətdir və son sxemdə 500 MHz tezlikdə işləyir.
        Agentlərə əvvəlcədən hazır prosessor arxitekturası verilməyib. Onlar elmi məqalələri və sınaqları araşdıraraq uyğun yanaşmanı özləri seçiblər. İlkin 141 səhifəlik sənəd fiziki baxımdan real olmayan hesablamalar üzərində qurulduğu üçün RTL layihəsi hazırlanandan sonra silinib. Daha sonra texniki təsvir ASL dilində yazılıb və “Lean” yoxlama sistemi ilə təsdiqlənib.
        Bütün çipi təqlid edən “Arcmodel” modeli RTL simulyasiyasından təxminən 200 dəfə sürətli işləyib. Enerji sərfiyyatı hesablamalarındakı fərq də 250 faizdən 5 faizə düşüb.
        Agent qrupları eyni vaxtda 58 dəyişiklik irəli sürüb, yoxlamalardan sonra onların 37-si layihədə saxlanılıb. Proses zamanı insanın əvvəlcədən yazmadığı “iş oğurlama” mexanizmi də yaranıb. Bu mexanizm sayəsində boş qalan plitə qonşu plitədən tapşırıq götürür, iş olmadıqda enerjiyə qənaət üçün dayanır. 4 plitəli klasterdə enerjinin 38 faizi yaddaşa sərf olunub. Təlimatların oxunması və icraya göndərilməsinin payı 6 faiz olub.
        “Architect Labs” daha əvvəl robotlar və dronlar üçün “Redwood” süni intellekt sürətləndiricisini hazırlayıb. Ancaq həmin layihə də yalnız FPGA-da, yəni yenidən proqramlaşdırılan sınaq çipində işləyir. Şirkət “Frostbite” üçün FPGA əsaslı sınaq mühiti və ilkin əməliyyat sistemi hazırlamağı planlaşdırır. Gələcəkdə RTL kodu və təlimat dəsti açıq yayımlanacaq. Qarşıdakı aylarda daha böyük sistemlər və güclü CPU-larla “SPEC” və “PARSEC” sınaqlarında yeni müqayisələr aparılacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...