Logo
    main-post-cover

    AWS rəhbəri: OpenAI və Anthropic-ə eyni anda investisiya problem deyil

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon Web Services (AWS) rəhbəri Matt Garman bildirib ki, şirkətin həm OpenAI, həm də Anthropic kimi bir-biri ilə rəqabət aparan süni intellekt şirkətlərinə milyardlarla dollar investisiya etməsi ciddi maraq toqquşması hesab olunmamalıdır.
    Matt Garman, CEO of Amazon Web Services
        San-Fransiskoda keçirilən HumanX conference zamanı çıxış edən Garman qeyd edib ki, AWS uzun illərdir tərəfdaşları ilə həm əməkdaşlıq edib, həm də onlarla rəqabət aparmaq modelinə öyrəşib. Onun sözlərinə görə, texnologiya ekosistemi o qədər bağlıdır ki, eyni şirkətlərlə həm işləmək, həm də rəqib olmaq qaçılmazdır. AWS rəhbəri vurğulayıb ki, şirkət tarixən bütün xidmətləri özü yaratmaq əvəzinə tərəfdaşlarla işləməyi seçib. Bununla yanaşı, AWS bəzən həmin tərəfdaşlarla eyni bazarda rəqabət aparan məhsullar da təqdim edir. Garman bildirib ki, bu yanaşmada əsas prinsip tərəfdaşlara qarşı ədalətsiz üstünlük yaratmamaqdır.
        Qeyd edək ki, Amazon son dövrlərdə OpenAI-a təxminən 50 milyard dollar investisiya edib. Şirkət eyni zamanda Anthropic ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində artıq 8 milyard dollardan çox sərmayə qoyub. Maraqlıdır ki, bu cür paralel investisiya modeli təkcə Amazon-a xas deyil. Məsələn, Anthropic-in 30 milyard dollarlıq son investisiya raundunda OpenAI-ın əsas bulud tərəfdaşı olan Microsoft da daxil olmaqla bir çox investor iştirak edib. Bu isə süni intellekt sektorunda rəqabət və əməkdaşlığın eyni anda davam etdiyini göstərir.
    Paylaş