Logo
    main-post-cover

    BƏƏ süni intellekt sahəsində "superdövlət"ə çevrilmək istəyir

         Birləşmiş Ərəb Əmirliklərində süni intellekt layihələrindən cavabdeh olan nazir Omar Sultan Al Olama ölkədə İT-startapların inkişafını stimullaşdırmaq planlarını açıqlayıb. Onun sözlərinə görə, 5 ildən sonra BƏƏ-də bu cür şirkətlərin sayı 10 000-ə çatacaq, halbuki hazırda onların sayı cəmi 1.5 min təşkil edir. Eyni zamanda, ənənəvi sənaye sahələrinin də süni intellekt əsaslı həlləri orada tətbiq oluna bildiyi hallarda istifadə etməyə təşviq olunacağı gözlənilir - bu, bazar payını qorumaq və artırmaq məqsədi daşıyır. BƏƏ-nin süni intellekt “superdövlətinə” çevrilmək strategiyası xüsusi proqramların həyata keçirilməsini nəzərdə tutur. Hələ 2017-ci ildə ölkə dünyada ilk dəfə “süni intellekt, rəqəmsal iqtisadiyyat və distant iş üzrə nazir” vəzifəsini təsis edib. BƏƏ-nin məqsədi ən istedadlı beyinləri və qabaqcıl şirkətləri ölkəyə cəlb etməkdir. Hətta bu gün fəaliyyət göstərən 1.5 min süni intellekt yönümlü biznesin mövcudluğu belə region üzrə ən yüksək göstəricidir.
         10 000 səviyyəsinə çatmaq üçün isə ölkəyə yeni istedadlı insanların axınını təmin edəcək şərait yaradılmalıdır. BƏƏ-də iqtisadi fəaliyyətin böyük hissəsi özəl sektorun payına düşsə də, dövlət sektoru ölkənin iqtisadiyyatı və cəmiyyətinin həyati vacib bir hissəsidir. Ölkədə süni intellektin inkişafı planları UAE Centennial 2071 təşəbbüsü çərçivəsində geniş dövlət dəstəyi ilə həyata keçirilir. Bu təşəbbüs həm özəl, həm də dövlət sektorlarında süni intellektin bütün səviyyələrdə tətbiqini və ölkənin bu sahədə qlobal liderə çevrilməsini nəzərdə tutur. Gözlənilir ki, bu addım ölkə iqtisadiyyatının şaxələndirilməsinə və neft-qaz gəlirlərindən asılılığın azaldılmasına kömək edəcək. BƏƏ-də süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin sertifikatlaşdırılması və reytinq proqramı tətbiq olunur.
         Bu proqram çərçivəsində şirkətlər BƏƏ iqtisadiyyatına inteqrasiya səviyyəsinə və peşəkar bacarıqlarına əsasən qiymətləndirilir. Sertifikat almaq üçün müraciət edən şirkətlər sadəcə “süni intellekt şirkəti” statusundan tutmuş, ölkədə “tam iştirak” səviyyəsinə qədər dərəcələndirilirlər. “Tam iştirak” səviyyəsi o deməkdir ki, şirkət öz modellərini yaradır və məhsullarını ölkə daxilində istifadə üçün hazırlayır. Nazirin sözlərinə görə, adi şirkətlər D, ölkədə nümayəndəliyi olanlar C, burada elmi-tədqiqat fəaliyyəti aparanlar B, qərargahı BƏƏ-də yerləşən və ölkə üçün lokal modellər hazırlayan şirkətlər isə S reytinqi alacaqlar. Digər şərtlər bərabər olduqda, dövlət orqanları ilə əməkdaşlıq zamanı S reytinqinə malik şirkətlərə üstünlük veriləcək.
         BƏƏ hökumətinin planlarına görə bu proqram yalnız startaplar və texnoloji şirkətlərlə məhdudlaşmayacaq. Süni intellektin üstünlüklərindən turizm, logistika, aviasiya və digər sahələrdə fəaliyyət göstərən bizneslər də yararlana biləcəklər. Süni intellekt proqramlarının əsas məqsədi onların praktik faydasıdır. Nazirin sözlərinə görə, süni intellekt insanların həyat keyfiyyətini yüksəltməlidir, əks halda, sadəcə faydasız “oyuncaqların” tətbiqi uğur sayılmayacaq. Bu arada, oktyabrın əvvəlində məlum olub ki, NVIDIA şirkəti süni intellekt sürətləndiricilərinin BƏƏ-yə tədarükündə yaranan gecikmələrdən narazıdır. Bu gecikmələr ABŞ-ın Çinlə süni intellekt sahəsində rəqabəti nəzərə alan siyasəti ilə bağlıdır. Qısa müddət əvvəl BƏƏ hökuməti ABŞ-a milyardlarla dollar investisiya qoymağı və bunun müqabilində ölkəyə çiplərin tədarükünü təmin etməyi öhdəsinə götürüb.
    Paylaş