Canva artıq bütün böyük AI köməkçilərində əlçatandır
Süni İntellekt
21.05.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Canva süni intellekt ekosistemində mövqeyini daha da gücləndirərək Google-un Gemini platformasına inteqrasiya olunduğunu açıqlayıb. Şirkət Google I/O tədbirində Gemini üçün “Connected App” həllini təqdim edib və bununla da artıq dörd əsas AI köməkçisinin, ChatGPT, Claude, Copilot və Gemini-nin hamısında əlçatan olub. Yeni inteqrasiya istifadəçilərə Gemini daxilində birbaşa mətn sorğuları ilə Canva dizaynları yaratmağa, redaktə etməyə və axtarmağa imkan verir. Ən diqqətçəkən məqamlardan biri isə yaradılan dizaynların adi statik şəkil kimi deyil, tam redaktə edilə bilən Canva faylı kimi təqdim olunmasıdır.
Əgər istifadəçinin Canva Brand Kit sistemi aktivdirsə, yaradılan dizaynlara loqolar, şriftlər və brend rəngləri avtomatik tətbiq edilir. Bu isə şirkətlər və marketinq komandaları üçün vahid vizual üslubun qorunmasını asanlaşdırır. Canva həmçinin Google-un “Nano Banana” görüntü modeli ilə inteqrasiyanı da təqdim edib. Bu imkan sayəsində Gemini vasitəsilə yaradılmış AI şəkilləri Canva-nın “Magic Layers” funksiyası ilə laylara ayrılaraq redaktə edilə bilən elementlərə çevrilir. Beləliklə, istifadəçilər artıq hər kiçik dəyişiklik üçün yenidən prompt yazmağa ehtiyac duymayacaqlar.
Canva ekosistem rəhbəri Anwar Haneef bildirib ki, şirkət artıq özünü sadəcə dizayn platforması kimi deyil, müxtəlif iş axınlarına inteqrasiya olunan infrastruktur kimi görür. Bu addım xüsusilə rəqabətin artdığı dövrə təsadüf edir. Google I/O 2026-da Workspace daxilində çalışan “Pics” adlı AI dizayn alətini təqdim edib. Eyni zamanda Adobe Firefly korporativ bazarda sürətlə böyüyür, Figma isə yeni AI agentini istifadəyə verib. Canva isə fərqli strategiya seçərək istifadəçiləri öz platformasına gətirmək əvəzinə, xidmətlərini bütün AI köməkçilərinin daxilinə yerləşdirməyə çalışır.
Paylaş