Claude AI bəzi oyun layihələrini yarıda qoyur, proqram təhlilini rədd edir
Süni İntellekt
31.10.2026
“Anthropic” şirkətinin “Claude Code” və “Opus 5.5” süni intellekt modelləri son günlər oyun yaratmaq və əks mühəndislik tapşırıqlarını yerinə yetirməkdən imtina edir. Əks mühəndislik hazır proqramın necə işlədiyini araşdırmaq deməkdir. İstifadəçilərin sözlərinə görə, bloklama zərərsiz işlərə, o cümlədən “Reverse Engineer Anything” alətinə də təsir göstərib.
İddialara görə, yeni qayda orijinal oyunlar və istifadəçinin öz materialları əsasında layihələr yaratmağa icazə verir. Ancaq hazır oyunun surətini hazırlamaq, hətta adını dəyişmək də qadağandır. “GitHub”da adi oyun layihələrinin işin ortasında dayandırılması ilə bağlı şikayətlər artıb. Oyun mexanikasının təkrarlanması və stolüstü oyuna bənzəyən layihənin yenilənməsi də bloklanan işlər arasındadır.
İmtinalar yalnız oyunlarla bağlı deyil. “Claude” sadə “Windows” qəza yaddaş faylını araşdırmaqdan, “Samsung TV” proqramındakı lazımsız əlavələri silməkdən və təhlükəsizlik yoxlamaları aparmaqdan da imtina edib. Bəzi tərtibatçılar öz oyunları üçün fırıldaqçılığa qarşı sistem hazırlayarkən bloklama ilə üzləşiblər. Model bunu təhlükəsizlik qaydalarının işə düşməsi ilə əsaslandırıb.
“Anthropic” daha əvvəl qabaqcıl kibertəhlükəsizlik alətlərinə çıxışı məhdudlaşdıran “Cyber Verification Program” təşəbbüsünü açıqlamışdı. Proqram 6 oktyabrda təqdim edilib. Bu alətlərdən yalnız “Project Glasswing” çərçivəsində təsdiqlənmiş qurumlar yararlana bilər. Son imtinalar həmin qaydalarla bağlı ola bilər. Ancaq şikayətlərin əsasən son günlər artması suallar doğurur.
Məhdudiyyətlərin səbəblərindən biri proqram və oyun şirkətlərinin müəllif hüquqları ilə bağlı iddialarından yayınmaq ola bilər. “Anthropic” oyunların kopyalanması və adi texniki işlərin bloklanması barədə rəsmi açıqlama verməyib. “OpenAI” da daha əvvəl televizor proqramını lazımsız əlavələrdən təmizləməyə çalışan istifadəçinin hesabını bağlamışdı. İstifadəçilər alternativ kimi parametrləri açıq olan və birbaşa cihazda işləyən dil modellərinə keçməyi məsləhət görürlər.
Son vaxtlar “Adobe” proqramlarına, “Microsoft Office 365” paketinə və konsol oyunlarına bənzəyən süni intellekt layihələrinin sayı artıb. “Steam Next Fest” tədbirində hazır oyunlardan götürülmüş elementlərin olduğu layihələr də mübahisə doğurub. Bəzi kiçik studiyalar nümayiş versiyalarının başqaları tərəfindən tam oyuna çevriləcəyi hədəsi ilə üzləşdiklərini deyirlər. Yeni məhdudiyyətlər belə halların qarşısını almaq üçün qoyula bilər, amma qanuni işləyən tərtibatçılara da mane olur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...