Logo
    DeepMind-in 4 Gemini AI agenti Minecraft-ı insan köməyi olmadan bitirdi

    DeepMind-in 4 Gemini AI agenti Minecraft-ı insan köməyi olmadan bitirdi

        “Google DeepMind” şirkətinin 4 “Gemini 4 Argon” süni intellekt agenti “Minecraft” oyununu insan köməyi olmadan bitirib. Agentlər ayrı-ayrılıqda hərəkət etsələr də, topladıqları məlumatları bölüşüblər. Sonda oyunun əsas rəqibi “Ender Dragon”u məğlub ediblər. Təcrübə göstərib ki, müstəqil plan quran ümumi süni intellekt modelləri mürəkkəb oyun tapşırıqlarının öhdəsindən gələ bilir.
        Sınaq zamanı agentlər təsadüfi yaradılmış qapalı “Minecraft” dünyasına yerləşdirilib. Onlara əvvəlcədən rol və strategiya verilməyib, oyun üçün xüsusi alət də hazırlanmayıb. Hər agent açıq mənbəli “Mineflayer” proqram kitabxanası ilə ayrıca oyunçunu idarə edib. Bir-biri ilə oyundaxili söhbətdə əlaqə saxlayıb və ortaq yaddaşda toplanan məlumatlardan yararlanıblar.
        Agentlər qısa müddətdə işləri öz aralarında bölüşdürməyə başlayıblar. Onlar təhlükələr barədə xəbərdarlıq edib, koordinatları göndərib və məğlub olan komanda yoldaşlarının əşyalarını geri qaytarıblar. “janesick” alətlər hazırlayıb, “gyldenia” qida və ehtiyat toplayıb. “auratian” vacib portalı aktivləşdirib, “bulicame” isə sığınacaqlar tikərək son zərbəni endirib.
        Ümumilikdə proses 27,23 saat davam edib və vaxtın böyük hissəsi “Ender Dragon”la döyüşə gedib. Agentlər bu müddətdə 2783 proqram yazaraq işə salıblar. Komanda üzvləri 229 mesaj göndərib və oyun ərzində 605 dəfə ölüblər. “Observer” adlı 5-ci agent saxtakarlıq ehtimalını yoxlamaq, gedişatı izləmək və hesabat hazırlamaq üçün müstəqil müşahidəçi kimi işləyib.
        Sınaq zamanı agentlər məlumatların emalı üçün 1,35 milyard giriş tokeni işlədiblər. Xərc “Gemini”nin siyahı qiyməti ilə 810 dollar (təxminən 1380 manat), standart qiymətlə 1620 dollar (təxminən 2750 manat) olub. Tədqiqatçılar bunu standart “Mineflayer” kitabxanası ilə “Minecraft” oyununun insan müdaxiləsi olmadan ilk dəfə tam başa çatdırılması adlandırıblar. Agentlər əvvəlcədən araşdırılmış dünya xəritəsi və insanların hazırladığı əlavə oyun alətləri olmadan minlərlə ardıcıl addımı özləri planlaşdırıblar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...