GitHub Copilot istifadəçilərinə məhdudiyyətlər qoyur
Süni İntellekt
21.04.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, GitHub süni intellekt əsaslı kod yazma aləti olan Copilot üçün mühüm dəyişikliklər edib. Şirkət Copilot Pro, Pro+ və Student planları üzrə yeni istifadəçi qeydiyyatını müvəqqəti dayandırdığını açıqlayıb. Bu qərarın əsas səbəbi isə son dövrlərdə istifadəçilərin AI-dan istifadə tərzinin dəyişməsi və bunun nəticəsində yaranan yüksək xərclərdir.
GitHub-un məhsul üzrə vitse-prezidenti Joe Binder bildirib ki, artıq “agentic coding” adlandırılan yeni yanaşma geniş yayılıb. Bu üsulda süni intellekt uzun müddətli, paralel və daha mürəkkəb tapşırıqları avtomatik şəkildə yerinə yetirir. Nəticədə isə bir neçə sorğu belə istifadəçinin aylıq abunə haqqından daha çox xərc yarada bilir.
Bu dəyişikliklər 20 aprel tarixindən qüvvəyə minib. Hazırda yalnız Copilot Free planı yeni istifadəçilər üçün açıq qalır. Mövcud istifadəçilər isə planlarını saxlaya və ya dəyişə bilərlər.
Şirkət eyni zamanda istifadə limitlərini də sərtləşdirib. Token və sessiya limitləri azaldılıb, daha intensiv istifadə edənlər isə daha bahalı Pro+ planına yönləndirilir. Bundan əlavə, ən güclü AI modelləri artıq yalnız daha yüksək tariflərdə təqdim olunur.
Ekspertlər hesab edir ki, bu addım ümumi AI bazarında yeni tendensiyanın başlanğıcıdır. Yəni əvvəllər “limitsiz” kimi təqdim olunan AI xidmətləri getdikcə daha çox ölçülən və limitli infrastruktur modelinə keçir.
Paylaş