Gmail-in AI köməkçisi artıq sizin yazı üslubunuzu öyrənir
Süni İntellekt
08.05.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google Gmail tətbiqindəki süni intellekt əsaslı “Help me write” funksiyasını daha da fərdiləşdirib. Yenilənmədən sonra bu funksiya istifadəçinin əvvəlki e-poçt yazışmalarını analiz edərək daha “insani” və şəxsi üslubda mətn hazırlaya biləcək. Şirkətin paylaşdığı məlumata görə yeni sistem artıq istifadəçinin yazı tonunu və üslubunu öyrənərək məktubları daha təbii formada yazır. Beləliklə, əvvəllər tez-tez rast gəlinən həddindən artıq rəsmi və robotik ifadələrin qarşısı alınacaq.
Yeniliklərdən biri “topic contextualization” adlanır. Bu xüsusiyyət Gmail-i Google Drive və digər Gmail yazışmaları ilə əlaqələndirərək istifadəçinin verdiyi sorğu əsasında lazım olan məlumatları avtomatik tapıb məktuba əlavə edir. Məsələn, istifadəçi influencer kampaniyaları ilə bağlı məktub yazırsa, Gemini həmin kampaniyaların adlarını Google Drive sənədlərindən, nəticələrini isə əvvəlki e-poçtlardan götürə bilir.
Digər yenilik isə “tone and style personalization” funksiyasıdır. Bu imkan sayəsində Gemini istifadəçinin əvvəlki məktublarındakı üslubu analiz edir və yeni mətnləri də həmin tona uyğun hazırlayır. Nəticədə məktublar daha səmimi və fərdi görünür. Google bu funksiyaları ilk dəfə fevral ayında elan etmişdi. Hazırda isə yeniliklər mərhələli şəkildə Business Starter, Standard, Plus və Enterprise istifadəçilərinə təqdim olunur. Bundan əlavə, Google AI Plus, Pro, Ultra və Education paketlərində də funksiya istifadəyə verilib.
Paylaş