Logo
    Google ailə işlərini planlaşdıran CC adlı AI köməkçisini sınaqdan keçirir

    Google ailə işlərini planlaşdıran CC adlı AI köməkçisini sınaqdan keçirir

        “Google” ailələrin gündəlik işlərini planlaşdıran “CC” adlı süni intellekt köməkçisinin yenilənmiş versiyasını sınaqdan keçirir. Xidmət email, təqvim, söhbət və tapşırıqlardakı məlumatları bir yerə toplayaraq ailənin qarşıdakı gün üçün planını hazırlayır. “CC” əvvəlcə gündəlik işləri asanlaşdıran köməkçi kimi hazırlanmış, daha sonra “Gemini” tətbiqində “Daily Brief” adını almışdı. İstifadəçilərin ev və ailə işləri ilə bağlı istəkləri layihənin istiqamətini dəyişib.
        “CC” ayrıca “Google” hesabı ilə işləyir və hazırda 6 ailə üzvü agentdən birlikdə yararlana bilir. Hər kəs məktəb tədbirləri, idman məşqləri, ad günü dəvətləri və həkim qəbulları kimi məlumatlardan hansını paylaşacağını özü seçir. Məktəb, klub, səyahət şirkəti və ya idman komandasından gələn emailləri avtomatik olaraq agentə yönləndirmək olur. “CC” hər həftə avtomatik paylaşım siyahısına əlavə edilə biləcək yeni göndəricilər də göstərir.
        Agent vacib tarixləri və görüləcək işləri müəyyənləşdirərək ortaq təqvimə və tapşırıq siyahısına əlavə edir. Məsələn, məktəbdən dərs olmayacağı gün barədə xəbər və ya həkimdən növbəti qəbulun təsdiqi gəldikdə həmin məlumat təqvimə yazılır. Ailənin bütün üzvləri ortaq təqvimə və siyahıya baxa bilir. “CC” yaxınlaşan tədbir və tapşırıqlar barədə iştirakçılara gündəlik xülasə də göndərir.
        “CC” icazə vərəqlərini və fəaliyyətlərə qeydiyyat üçün PDF sənədlərini doldura bilir. Həmçinin məktəb ləvazimatlarının siyahısını və həftəlik yemək planını hazırlayır. Agent tədbirlər arasında yola nə qədər vaxt gedəcəyini hesablayır, ortaq “Docs” və “Sheets” faylları yaradır. Məlumat çatmadıqda ailə üzvlərindən əlavə detal istəyir və sonrakı tapşırıqlar üçün ortaq yaddaşı yeniləyir. Sənəd göndərmək kimi işlər yalnız istifadəçi təsdiq verdikdən sonra tamamlanır.
        İstifadəçilər agenti “Google Drive” qovluğuna əlavə edə və ya onunla yalnız seçdikləri faylları paylaşa bilərlər. “CC” ilə xüsusi “Google Chat” pəncərəsində də danışmaq olur. Məxfilik qaydalarına görə agent ailə üzvlərini əlavə edə və ya silə bilmir. O, üzvlərin şəxsi email qutularında da axtarış aparmır. Sistem “Gemini” və “Antigravity” texnologiyalarından yararlanan ayrıca bulud kompüterində işləyir.
        Sınaq dövründə “CC” yalnız ABŞ-də şəxsi “Gmail” hesabı olan, yaşı 18-dən yuxarı istifadəçilər üçün açıqdır. Buna görə yeniyetmələr xidmətdən öz hesabları ilə yararlana bilmir, ailələr də məktəbin verdiyi email ünvanlarını sistemə qoşa bilmirlər. Hazırkı istifadəçilərə yaxın günlərdə hesablarını yeniləmələri üçün email dəvəti göndəriləcək. Yeni istifadəçilər gözləmə siyahısına yazılmalıdır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...